Rüsumsuz alış-veriş məbləğinə qoyulan həddin azaldılması fəsadlar yaradacaq

Rüsumsuz alış-veriş məbləğinə qoyulan həddin azaldılması fəsadlar yaradacaq Son illər ölkədə get-gedə daha geniş intişar tapan xarici saytlarla onlayn alış-veriş mövcud karantin şəraitində təbii ki, daha da geniş yayıldı
Biznes
26 Avqust , 2020 13:55
Rüsumsuz alış-veriş məbləğinə qoyulan həddin azaldılması fəsadlar yaradacaq

Son illər ölkədə get-gedə daha geniş intişar tapan xarici saytlarla onlayn alış-veriş mövcud karantin şəraitində təbii ki, daha da geniş yayıldı. Bu yolla bazarlıq etməyin həm qiymət baxımından, həm də seçim imkanının daha geniş olması baxımından daha geniş olması çoxlarını cəlb edir. Karantin məhdudiyyətləri əcnəbi saytlardan sifariş olunan malların gətirilməsini ləngitməsi də əhali arasında onlayn bazarlığa olan rəğbəti azalda bilmədi. Necə deyərlər, alan da razı, satan da razı.

Lakin birdən-birə bu məsələyə ən yüksək səviyyədə pəl vuruldu. Nazirlər Kabinetinin çıxardığı qərarla “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”na gətirilən düzəlişlərə görə ölkənin gömrük sərhədinə 30 gün ərzində eyni fiziki şəxsin ünvanına gətirilən malların ümumi dəyərini 1 000 ABŞ dollarından 300 dollara, bir təqvim ayı ərzində ölkəyə güzəştli şərtlərlə gətirilən malların ümumi dəyərini isə 1 500 dollardan 800 ABŞ dollarına salıb.

Düzəlişlərdə olan digər müxtəlif bəndlər arasında geniş ictimaiyyətin ən çox narazılığına səbəb olan və hətta absurd olaraq qəbul edilən isə bir ay ərzində rusumsuz olaraq cəmi bir ədəd bağlama gətirilməsi oldu. Yəni ay ərzində hətta 10, yaxud 20 dollarlıq bağlama almaqla limiti doldurmuş sayılacaqsınız. Başqa sözlə, ay ərzində 300 dollar məbləğinədək yalnız bir bağlamanı rüsumsuz ala biləcəksiniz.

Bundan əvvəl Dövlət Gömrük Komitəsi bəyanat verərək vahid gömrük siyasətinin məqsədi olaraq dövlətin iqtisadi mövqeyini, daxili bazarın mənafeyini qorumaq olduğunu bildirib: “Keçirilən iqtisadi təhlillər nəticəsində son illər fiziki şəxslərin ölkənin gömrük sərhədindən mal keçirərkən ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirdməklə gömrük rüsumunu ödəməkdən yaındığı müəyyənləşdirilib. Həmçinin həmin malların qaçaq yolla da gətirilməsi artıb”.

Həmçinin DGK bu addımları “əsaslandıracaq” daha bir səbəb gətirdi: ölkənin pərakəndə ticarət sektorunun “bazarı ölür” və buna yol verə bilmərik. Bəs onda hər hansı malı xarici saytdan sifariş etmək çatdırılma haqqı ilə bir yerdə yerli ticarət mərkəzlərindən almaqdan iki, hətta üçqat daha ucuz başa gəlməsi necə olsun? Bu vəziyyəti yaradan amilləri üzə çıxardaraq aradan qaldırmaq daha məntiqli olmazdımı?

DGK-nın açıqlamasında gətirilən daha bir bəhanə fərdi şəxslərin müxtəlif mobil cihazları ucuz qiymətə sifariş edib sonra yerli kiçik dükanlar vasitəsilə satdırmalarıdır. Bu da təbii ki, müvafiq vergi-rüsumları müntəzəm olaraq ödəyən iri tədarükçü şirkətlərə sərf etmir. Bu məsələdə də yuxarıda verdiyimiz sualı bir daha verib hətta məişət cihazlar və mebelin belə xaricdən onlayn sifariş etməyin xeyli ucuz başa gəldiyini qeyd edə bilərik.

Lakin sadalanan bu problemlərdən daha ümdə bir məsələ qarşıya çıxır: hökumətin bu qərarı yerli pərakəndə bazarında qiymətlərin qalxmasına təkan verməzmi? Yəni iri tədarükçü şirkətlərin öz aralarında razılaşmalarını, inhisarçıların da bu fürsətdən yararlanaraq yeni qiymətlər təyin etmələrini əngəlləmək mümkün olacaqmı? Çünki xarici saytlardan sifariş edilən malların əksəriyyətindən yerli bazarda rast gəlinmir. Yəni sıravi istehlakçı çarəsiz vəziyyətə düşəcək.

“Birmənalı vurğulamaq istərdik ki, bu qərar məhz bəzi inhisarçı qruplarının əməllərinin qarşısını almağa yönəlib. Onların sosial şəbəkələrdə yaratdığı narazılıq başa düşüləndir”, – DGK-nın bəyanatında qeyd olunur.

Komitənin bəyanatında xarici ölkələrin təcrübəsinə istinadlar isə insafən əsaslıdır. Belə ki, məsələn, Türkiyə qanunlarına görə eyni fərdi şəxs qeyri-kommersiya məqsədilə ölkəyə iki təqvim ili ərzində bir ədəd mobil cihaz gətirə bilər. Avropa İttifaqı məkanına isə qeyri-kommersiya məqsədilə rüsumsuz olaraq 300 avroyadək dəyərində, poçtla isə hətta cəmi 22 avroyadək dəyərində mallar gətirmək icazə verilir. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində (Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya) xarici saytlardan sifariş edilən malları 200 avroyadək, Gürcüstan və Moldovada 125 avroyadək, Ukraynada 100 avroyadək, Türkiyədə 150 avroyadək məbləğdə rüsumsuz gətirmək olar. Hərçənd Aİİ ölkələrində burada yalnız malların ümumi dəyərinə sədd qoyulur, yəni bağlamaların sayı əhəmiyyət daşımır. Həm də orada qoyulan səddən artıq mal gətiriləndə 15 faiz rüsum ödənilir. Bizdə isə bu rüsum 36 faizdir.

Maraqlıdır ki, Belarusda 2016-cı ildə rüsum həddinin 200 avrodan 22 avroyadək azaldılmasından sonra ölkə iqtisadiyyatı illik 1 milyon avro zərərə məruz qalıb.

Tutaq ki, Azərbaycan vətəndaşları yeni qaydalarla da xaricdən onlayn bazarlığına əvvəlki həcmdə davam etmək istəyəcəklər. Bəs belə olan halda həmin rüsumu necə ödəyəcəyik? Daşıyıcı şirkətlərdən birindən bizə verilən izahata görə alıcı həmin şirkətin ofisinə gəlib müvafiq sənədləri götürməli, rüsumu ödəməli, daha sonra da bağlamasını ya Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən (Heydər Əliyev Beynəlxalq Hava Limanındadır), yaxud poçtdan götürməlidir. Yəni bu əməliyyatları elektron formatda yerinə yetirmək imkanı olmadığı üçün alıcı şəxsən xeyli yol ölçməli, növbələrdə durmalı, sənədlər üçün pul ödəməlidir. Bunların xeyli vaxt, əsəb bahasına başa gəldiyini nəzərə alsaq, rüsumsuz mal gətirmək həddini aşmaq həvəsinin uzun çəkməyəcəyini yəqin edə bilərik. Üstəlik karantinlə bağlı vəziyyət hələ də konkretləşmədiyi üçün gələcək müəmmalı olaraq qalır.

Yuxarıda sadalananları əsas tutaraq ən azı pandemiya dövründə büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmayacağı qənaətinə gələ bilərik. Artması üçün əvvəla DGK-nın elektron xidmətlər siyahısı qısa zamanda genişləndirilməli, rüsum ödəyib bağlama almağın rahat sistemi yaradılmalı, həm də rüsumun həcmi aşağı salınmalıdır. Eyni zamanda daşıyıcı şirkətlərin “bazarı öləcək”, sayları da xeyli azalacaq, nəticədə rəqabətin zəifləməsi xidmət haqqının artırılmasına gətirib çıxaracaq. Digər tərəfdən karantin yumşaldılaraq xarici ölkələrə gediş-gəliş açılandan sonra artıq unutmağa başladığımız “shop tour” adətinin, səyyar alverçilərdən alış-verişlərin yenidən zühur edəcəyini böyük ehtimalla söyləmək olar.

Kəsəsi, rüsumsuz mal səddini aşağı salmağın iqtisadiyyat üçün səmərəsi heç də birmənalı deyil. Ümidvarıq ki, hökumət bu addımın ictimaiyyət arasında mənfi qarşılandığını nəzərə alaraq qərarına müvafiq düzəlişlər edəcək.

Qulu Nuriyev - ekspert

Son xəbərlər

Orphus sistemi