Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısını alıblar.
Bu barədə "Report"a DGK-dan məlumat verilib.
İdarənin "Qırmızı Körpü" gömrük postunda "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin salonunda olan səs gücləndiricinin və nəqliyyat vasitəsinin qoşqusunda yerləşən yanğınsöndürən qabın içərisində gömrük nəzarətindən gizlədilən 2 382 ədəd həb, 283 ədəd dərmanı ilə birlikdə şpris, 240 ədəd iynə başlığı və 50 ədəd şüşə flakonda olan müxtəlif adda dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.