Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı “Aqara" şəkər zavodu istehsalı yenidən dayandırıb.
“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb Gürcüstan hökumətinin istehsalın stimullaşdırılması üçün müəssisəyə təqdim etdiyi güzəştli müddətin ötən ilin sonunda başa çatmasıdır.
Şirkətdən bildirilib ki, hazırda istehsal rentabelli deyil və güzəştlərin müddətinin uzadılması üçün hökumətlə danışıqlar aparılır. Danışıqlar uğurla nəticələnərsə, “Aqara" şəkər istehsalını bərpa edəcək.
Xatırladaq ki, ötən ilin aprelində Gürcüstan hökuməti daxili bazarda şəkərə olan tələbatın ödənilməsi üçün zavodun fəaliyyətini bərpa etməklə bağlı qərar verib. Azərbaycanın “Azərsun Holdinq"inə məxsus zavod təbii qazın istehlakı və dəmir yolu ilə daşınmalar üçün güzəştli tariflərin hesabına ötən ilin iyunun 1-dən etibarən 6 ay müddətində fəaliyyət göstərib.