Bu ilin I yarısında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 493,25 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artım deməkdir.
Yanvar-iyunda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,9% payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 244,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 20,1% çoxdur. Azərbaycan Gürcüstanın ümumi ixracında 13% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yerdə qərarlaşıb.
Qonşu ölkənin Azərbaycandan idxalı isə 6,7% azalaraq 248,8 milyon ABŞ dolları təşkil edib. Gürcüstanın ümumi idxalında Azərbaycan 5,8% payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V olub.