Ölkəmizdə qeyri-neft iqtisadiyyatının, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsal və ixrac potensialının artırılması, investisiya yatırımının stimullaşdırılması üçün səmərəli mexanizmlər tətbiq edilir.
"Report" xəbər verir ki, belə mexanizmlərdən biri də sərmayə qoyuluşunun təşviqi və artırılması məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir.
Qeyd edək ki, yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli Fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılıb. Dövlət başçısının “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli fərmanları ilə investisiya təşviqi sənədinin və onun əsasında təsdiqedici sənədin verilməsi proseduru və qaydaları müəyyən edilib. Bununla da, sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün daha əlverişli şərait yaradılıb. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən olunmuş güzəştlərdən yararlanmağa əsas verən sənəddir.
İnvestisiya təşviqi sənədinin biznes və sərmayə yatırımı üçün önəmi
Qeyd edildiyi kimi, investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən daha geniş yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 %-i, hüquqi şəxslər üzrə isə mənfəətin 50 %-i üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilirlər. Təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri üçün əsas verir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
İnvestisiya təşviqi sənədinin verilməsi qaydaları
İnvestisiya təşviqi sənədi sərmayə qoyuluşunun həyata keçiriləcəyi iqtisadi fəaliyyət sahəsi, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin reallaşdırılacağı inzibati ərazi vahidləri üzrə müəyyən edilən meyarlara əsasən İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İnvestisiya təşviqi sənədini almaq üçün sahibkarlar Nazirliyə ərizə ilə birlikdə meyarlara tam cavab verən investisiya layihəsini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq layihə üzrə sərmayə kimi qoyulduğunu təsdiq edən sənədi, layihənin həyata keçirildiyi əraziyə dair ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surətini və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surətini təqdim etməlidir.
İnvestisiya təşviqi sənədini almaq üçün sahibkarların müraciətinə 5 iş günü müddətində baxılır. İnvestisiya layihəsi meyarlara tam cavab verdikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadıqda investisiya təşviqi sənədi sahibkarlara təqdim edilir. Məsələn, layihə təqdim edilən iqtisadi fəaliyyət sahəsi üzrə minimal investisiya məbləği 2 milyon manat, minimal ödəniş tələbi isə həmin məbləğin 10 %-ni təşkil edir. Tutaq ki, sahibkarın biznes-planının dəyəri 4 milyon manatdır. Təqdim olunmuş sənədə uyğun olaraq, sahibkar artıq 300 min manat investisiya yatırıb. Bununla da minimal tələb ödənmiş olur. Beləliklə, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 %-i üzrə (hüquqi şəxslər isə mənfəətin 50 %-i üzrə) vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilir.
Hesab edək ki, müəssisə investisiya təşviqi sənədi əsasında əldə etdiyi təsdiqedici sənədə əsasən 1 milyon manat dəyərində avadanlığı güzəştlə idxal edib. Avadanlıq idxalına görə ödənilməli olan ƏDV (18 %) və gömrük rüsumundan (avadanlıqdan asılı olaraq 0-15 % arasında dəyişir) azadolmaya görə, müəssisə təxminən 357 min manat (15 % idxal rüsumu ilə hesablanıb) məbləğində güzəşt əldə edib. Bununla da qənaət olunmuş vəsait hesabına layihəyə əlavə investisiya yatırmaq imkanı yaranır.
İndiyədək əldə olunmuş nəticələr
İndiyədək Nazirlik tərəfindən 426 sahibkarlıq subyektinin 509 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin 59 %-i sənaye, 39 %-i kənd təsərrüfatı, 1 %-i logistika, 1 %-i isə turizm sahələrini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,6 milyard manatdan artıq investisiya yatırılması, 34 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87 %-i regionların payına düşür. İnvestisiya təşviqi sənədi verilmiş 350-dən artıq layihə fəaliyyətə başlayıb və 26 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və s. ölkələrə ixrac olunur. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 4 224 təsdiqedici sənəd verilib, nəticədə təqribən 768,4 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.
Qeyd edək ki, təqdim olunan təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib. Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. sahələr üzrə məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.
İnvestisiya təşviqi sənədinin verilməsi davam etdirilir
2021-ci ilin ilk 7 ayında isə 24 sahibkarlıq subyektinin 24 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 143 milyon manatadək investisiya yatırılması, 1 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 83 %-i regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 54 %-i sənaye, 42 %-i kənd təsərrüfatı, 4 %-i isə logistika sahələri üzrə layihələri əhatə edir. Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 68 milyon ABŞ dollarınadək texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 332 təsdiqedici sənəd verilib. Beləliklə, investisiyanın təşviqi mexanizminin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.