İqtisadiyyat Nazirliyinin yeni inzibati binasında 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov binanın istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyevə məruzəsində bildirib.
Onun sözlərinə görə, yeni bina müasir multimedia vasitələri ilə təchiz olunub, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, iclas otaqları yaradılıb.
Bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır. Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.
İnşaat qrupu yenilikçi həll yolu olan, hər bir kubun altında polad fermalardan istifadə edərək, dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib. Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.