İspaniya Azərbaycanın Dövlət Gömrük Komitəsinin narkotik qaçaqmalçılığına qarşı mübarizə təcrübəsindən yararlanmaq istəyir.
"Report" Komitəyə istinadən xəbər verir ki, bu məsələ qurumun sədr müavini Əsgər Abdullayevin İspaniyanın Türkiyədəki Səfirliyində Daxili İşlər Nazirliyinin məsləhətçisi olan Antonio Miqel Doblas Ximenesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.
Ə.Abdullayev Azərbaycan gömrük xidmətinin hüquq-mühafizə fəaliyyətindən, mövcud potensialından, öhdəlik və hədəflərindən, xüsusilə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi uğurlardan bəhs edib. O, iki ölkənin gömrük orqanları arasındakı gələcək əməkdaşlıq imkanlarından söhbət açaraq, daha faydalı və səmərəli əlaqələrin qurulmasında qarşılıqlı təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.
A.M.Doblas Ximenes təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə məlumat verib. O, qeyd edib ki, İspaniya gömrük təşkilatı dövlət təhlükəsizliyini qorumaqla yanaşı, riskləri analiz edir, qaçaqmalçılıqla mübarizə aparır, bütün bunlara baxmayaraq narkotik qaçaqmalçılığına qarşı daha effektiv mübarizə əsas prioritetlərdən biridir.
Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirən qonaq bu sahədə birgə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırıb. A.M.Doblas Ximenes gələcək əməkdaşlıq çərçivəsində birgə təlimlərin həyata keçirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyətindən danışıb.