İtaliya-Azərbaycan dəyirmi masası keçirilibPrezident İlham Əliyevin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliya-Azərbaycan dəyirmi masası keçirilib.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edib, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb. O, bildirib ki, ölkəmiz İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə çoxsaylı İtaliya şirkətləri uğurla fəaliyyət göstərir. Nazir vurğulayıb ki, dəyimi masa çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar əlaqələrimizi daha da gücləndirəcək və yeni imkanlar açacaq.
Dəyirmi masada çıxış edən İtaliyanın Müəssisələr və “Made in Italy” naziri Adolfo Urso və İtaliya Sənaye Konfederasiyasının prezidenti Emanuele Orsini Azərbaycanın İtaliya ilə strateji enerji tərəfdaşlığı və ikitərəfli əlaqələrin qeyri-neft sahəsində inkişafı imkanları haqqında danışıblar.
Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurov, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Azərbaycanın ixrac və investisiya potensialı haqqında məlumat verib, ortaq faydalı fəaliyyət istiqamətləri və perspektivli layihələrə dair çıxış ediblər. Bununla yanaşı, sənaye, bərpa olunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə İtaliya Ticarət Agentliyi, aqrar və qida texnologiyaları sahəsində ixtisaslaşmış "Annatura" şirkəti, "Scorpio Group" və İtaliyanın "Coldiretti" kənd təsərrüfatı təşkilatının nümayəndələri arasında görüşlər təşkil olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
15:02
Prezident İlham Əliyevin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliya-Azərbaycan dəyirmi masası keçirilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso və həmkarlarla biznes əlaqələrinin, sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə səmərəli müzakirələrimiz oldu", - deyə o qeyd edib.