Kassa çekləri sahibkarların itkilərinin qarşısını alır

Kassa çekləri sahibkarların itkilərinin qarşısını alır Sahibkarlıq subyektlərində uçot sisteminin qurulmasının təbliğinə həsr edilmiş yeni maarifləndirici videoçarx hazırlanıb
Biznes
11 Sentyabr , 2020 13:07
Kassa çekləri sahibkarların itkilərinin qarşısını alır

Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və mks.az saytının birgə təşəbbüsü ilə sahibkarlıq subyektlərində uçot sisteminin qurulmasının təbliğinə həsr edilmiş yeni maarifləndirici videoçarx hazırlanıb.

Bu barədə “Report”a Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib.

Videoçarxın həmin qurumların “Düzgün mühasibat rahatlığın təminatıdır” şüarı ilə hazırlanmış ikinci işi olduğunu qeyd edən M.Babayev bildirib ki, əsas məqsəd ölkədə “kölgə iqtisadiyyatı”nın şəffaflaşdırılması ilə bağlı aparılan tədbirlərə dəstək göstərilməsi, bu prosesə ictimai töhfənin verilməsidir. O, bu cür maarifləndirmənin sahibkarlara və cəmiyyətə faydalı olacağına əminliyini ifadə edib.

Onun sözlərinə görə, videoçarxda sahibkarların qanun çərçivəsində fəaliyyətinin əhəmiyyəti, uçotun düzgün təşkil olunmasının üstünlükləri və alış-veriş zamanı kassa çekinin təqdim edilməsinin vacibliyi diqqətə çatdırılır. Bildirilir ki, alıcılara kassa çeki təqdim etməklə mal dövriyyəsinin uçotunu və işçilərə nəzarəti sadələşdirmək mümkündür. Mal mədaxilini rəsmiləşdirməklə, həmçinin kassa çeki təqdim etməklə aparılan satişlar sahibkarlıq üçün işçilər, təçhizatçılar və digər məsul şəxslər tərəfindən törədilə biləcək itkilərin, oğurluqların, talançılığın, yayınmaların, qeyri-dəqiqliklərin qarşını alan bir amil kimi çıxış edir. “Düzgün mühasibat rahatlığın təminatıdır” şüarı ilə sahibkarlara qanun çərçivəsində işləməyin üstünlükləri çatdırılır. Videoçarxda təqdim olunan məzmun sadə, anlaşıqlı və obrazlı şəkildə hazırlanıb. Sahibkarlar videoçarx vasitəsilə uçotdan yayınmağın onlar üçün mümkün fəsadlarını da əyani izləmiş olurlar.

Qeyd edək ki, sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkili mühüm məsələdir. Uçotun olması sektorun hesabatlılıq səviyyəsini yüksəldir və düzgün mühasibatlığın qurulmasına xidmət edir. İstər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edilərkən kassa çeki təqdim olunmalıdır. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi