“Könüllülər ili”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü olmuş 7 gənc qurumun struktur bölmələrində işlə təmin edilib.
“Report” bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə indiyə qədər 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.
"Könüllülər ili"nə töhfə vermək məqsədilə KOBİA-nın dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib və ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz paylanılıb. 2020-ci ildə “KOB könüllüləri” Agentliyin dəstəyi və iştirakı ilə keçirilmiş müxtəlif tədbirlərin, aksiyaların təşkilinə dəstək göstərib, könüllülərin təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib.
Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. “KOB könüllüləri” Agentliyin inzibati binasında, "KOB Dostu" ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. 2 ay davam edən könüllülük fəaliyyətinin sonunda "KOB könüllüləri"nə sertifikatlar verilir.
Xatırladaq ki, ölkə Prezidentinin sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib.