İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Özbəkistanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, sənəd Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində, Daşkənddə keçirilmiş Özbəkistan - Azərbaycan biznes forumunda imzalanıb.
Memoranduma KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbəri Davron Vaxabov imza atıb. Sənədə əsasən tərəflər ticarət və investisiya imkanları haqqında bir-birilərini məlumatlandıracaq, KOB-lar arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini dəstəkləyəcək və təşviq edəcək, qarşılıqlı biznes missiyalar təşkil olunacaq.
Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Biznes forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda biznes qurmaq istəyən xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək və xidmətləri diqqətə çatdırıb.
Həmçinin, səfər çərçivəsində KOBİA nümayəndə heyəti bir sıra görüşlər də keçirib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Prezidentinin yanında Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil D.S.Kasımov arasında keçirilmiş görüşdə biznesə hüquqi dəstək mexanizmləri və bu sahədə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Özbəkistanın iqtisadi inkişaf və yoxsulluğun azaldılması nazirinin müavini, Sahibkarlığın İnkişafı Agentliyinin direktoru M. Ubaydullaev ilə keçirilmiş görüşdə isə gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.