KOBİA: Qum-çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti var

KOBİA: Qum-çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti var Bu gün Bakıda qum-çınqıl istehsalçılarının iştirakı ilə biznes-forum keçirilir
Biznes
25 İyun , 2021 11:40
KOBİA: Qum-çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti var

Bu gün Bakıda qum-çınqıl istehsalçılarının iştirakı ilə biznes-forum keçirilir.

“Report” xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının tərəfdaşlığı, KOBİA-ya yanında İctimai Şuranın təşkilatçılığı ilə baş tutub.

Biznes forumda çıxış edən agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, tədbir qum-çınqıl istehsalı sektorunda vəziyyəti öyrənmək, mövcud çətinlikləri müəyyən etmək baxımından əhəmiyyətlidir.

“Azərbaycanda qum-çınqıl hasilatı sahəsində qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri var. Bu, isə rəqabətin qarşısını alır, qanunlara uyğun fəaliyyət göstərənlərin işini çətinləşdirir”, - deyə o, qeyd edib.

Bundan başqa, Orxan Məmmədovun sözlərinə görə, müvafiq qurumların ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tənzimləyici tədbirlər, bu sektorla bağlı olan və yerli xammala əsaslanan tikinti materiallarının istehsalı, eləcə də işğaldan azad edilən ərazilərdə tikinti sektorunda olan potensial canlanma qum-çınqılın qiymətində artıma səbəb olub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov isə biznes forumun qum və çınqıl istehalı sahəsində mövcud vəziyyətin öyrənilməsi, çətinliklərin müəyyənləşdirilməsi və səmərəli həll yollarının tapılması, eləcə də qum-çınqıl ehtiyatlarından səmərəli istifadə olanması üçün dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov isə qum-çınqıl və daş istehsalının inkişafı sahəsində görülən işlər, təbii ehtyatların qorunub saxlanması və bu sahədə ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, görülən tədbirlərin şəffaflığın təmin edilməsi və fəaliyyətin qanunvericiliyə uyğun təşkilinə hesablanıb. Onun sözlərinə görə, Agentlik sektorun inkişafı və mövcud çətinliklərin həlli sahəsində sahibkarlarla sıx əməkdaşlıqda maraqlıdır.

Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov çıxışında müvafiq sektorun mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair məlumat verib. Tədbir çərçivəsində sahibkarlar və dövlət qurumlarının nümayəndələri müvafiq sahə ilə bağlı müzakirələr aparıb, sektorun inkişafı barədə təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Forum pandemiya şəraitinın qaydalarına uyğun olaraq təşkil edilib.

Son xəbərlər

Orphus sistemi