Mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yeni məhsul və xidmətlərin yaradılmasına, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına dəstək məqsədi ilə müxtəlif sektorlar üzrə daxili bazar araşdırmaları aparılıb.
Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilir ki, KOBİA-nın təşəbbüsü ilə aparılmış daxili bazar araşdırmaları boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir. Bu sahələrdə sahibkarlıq fəaliyyətinə başlamaq və ya müvafiq sektorlarda fəaliyyətlərini daha da genişləndirmək istəyən sahibkarlıq subyektləri müvafiq daxili bazar araşdırmaları ilə KOBİA-nın internet səhifəsindən tanış ola bilərlər – https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi
Sahibkarın müraciəti əsasında aparılmış daxili bazar araşdırmasından fərqli olaraq, Agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.
2021-ci il ərzində Agentliyin təşəbbüsü ilə digər sahələrdə də daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur.
Qeyd edək ki, KOBİA tərəfindən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.
KOB subyektləri ehtiyaclarına uyğun daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını doldurmaqla Agentliyə birbaşa və ya elektron ([email protected]) müraciət edə bilərlər.