İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar lavanda tərkibli çay istehsalına başlayıb.
Bu barədə "Report"a KOBİA-dan bildirilib.
Məlumata görə, Agentliyin Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Hər iki sahibkarlıq subyekti qarşılıqlı əməkdaşlıqdan və bu əməkdaşlıq çərçivəsində yeni çay brendinin yaradılmasından məmnundur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq.
Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatında olan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istehsal prosesi, eləcə də fermer təsərrüfatında aqroturizm yönümlü digər layihələrlə tanış olublar, kiçik sahibkarlıq subyekti olan müəssisənin inkişaf ehtiyacları ilə maraqlanıblar.
Qeyd edək ki, KOBİA Qəbələnin Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına və Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına müxtəlif istiqamətlərdə dəstək verib. Belə ki, Agentlik lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərib. “Yaşıl Çay” fermer təsərrüfatı isə Agentliyin aqroturizmin inkişafı üçün kənd otelinin yaradılması ilə bağlı sənədləşmə və biznes planın hazırlanması, özəl qurumlarla əlaqələndirmə xidmətlərindən yararlanıb. Növbəti mərhələdə KOBİA “Lavandeli” çayının istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətlərində sahibkarlıq subyektlərinə dəstəyini davam etdirəcək.