Yanvarın 28-də Rusiyanın Moskva vilayətindəki “Etnomir” etnoqrafik parkında Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə və Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına həsr olunan bir sıra tədbirlər keçirilib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, işgüzar proqram “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında əməkdaşlıq” mövzusunda dəyirmi masa ilə açılıb. Qida, sənaye və kənd təsərrüfatı məhsullarının ixracı məsələləri, habelə turizm sektorunun inkişaf perspektivləri müzakirə edilib.
Dəyirmi masa hibrid formatda – üz-üzə iştirak və ZOOM vasitəsilə əlaqə ilə keçirilib. Tədbiri Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Rusiya Federasiyasının Ticarət Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko, Rusiya-Azərbaycan işgüzar şurasının sədri Aleksey Repik, Kaluqa vilayətinin qubernator müavini Vladimir Potemkin, “Etnomir”in sahibi Ruslan Bayramov açıblar.
Proqramın əsas hadisəsi “Etnomir”dəki Mir küçəsində “Azərbaycan” pavilyonunun təntənəli açılışı olub. Pavilyon Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan” Ticarət Evi konsepsiyasının icrası çərçivəsində açılıb.
Pavilyon konsepsiyası Azərbaycan məhsullarının Rusiyada tanıdılmasına əsaslanır. Bu sistem Azərbaycanın ixrac, investisiya və turizm potensialını təmsil edən daimi sərgi, Azərbaycan məhsullarının Rusiyaya idxalı üzrə ixtisaslaşmış şirkət, habelə “Azerbaycan sovqatları” brendi altında mağaza və stendlər şəbəkəsi vasitəsilə formalaşır.
Qeyd edək ki, Azərbaycan Respublikası Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqələr qurub, ölkələr arasındakı münasibətlər isə strateji tərəfdaşlıq xarakteri daşıyır.