Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə regionlararası və iqtisadi əlaqələrə malikdir. Dağıstan Respublikası əməkdaşlıq səviyyəsi yüksək olan subyektlərdən biridir. 2022-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev və Dağıstanın rəhbəri Sergey Melikov arasında görüş keçirilib və görüşdə birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən edilib. Tədbirlər Planında ticari-iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən investisiyaların cəlb edilməsinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.
Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanov “Report”a müsahibəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsində “Xanoba” keçid məntəqəsinin rolundan, aqrar-sənaye sektorunda, eləcə də turizm sahəsində əməkdaşlıqdan və s. danışıb.
- “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq haqqında danışardınız. Yük daşımalarının və nəqliyyat-sərnişin axınının artımında “Xanoba” keçid məntəqəsinin rolunu necə qiymətləndirirsiniz?
- Əvvəlcə bir qədər ümumilikdə Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq haqqında danışmaq istərdim. Dağıstan Respublikasının rəsmi nümayəndə heyəti hər il növbə ilə tərəflərdən birinin ərazisində keçirilən Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edir. Bu ilin fevral ayında Dağıstanın nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib, səfər zamanı Azərbaycandan olan həmkarları ilə kənd təsərrüfatı, sənaye, turizm və logistika sahələrində qarşılıqlı faydalı əməkdaşlığın geniş spektri müzakirə edilib. Keçirilən görüşlər Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycanın xalqlar arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək və inkişaf etdirmək niyyətlərini bir daha təsdiqləyir.
Coğrafi mövqeyi və tarixi ümumiliyi nəzərə alsaq, dostluğun möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı üçün böyük potensialımız var.
Dağıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsi müsbət dinamikanı saxlamaqda davam edir. Azərbaycan bir neçə ildir Dağıstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Ərzaq mallarının qarşılıqlı mübadiləsi də həyata keçirilir. Dağıstandan həmçinin şüşə məmulatları və maşınqayırma avadanlığı da tədarük olunur. 2022-ci ildə ticarət dövriyyəsi öncəki illə müqayisədə 83 faiz artıb, eyni zamanda ixrac da 2,5 dəfə artıb.
2022-ci ilin sentyabrında Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Bakı şəhərində “Şimal-Cənub” nəqliyyat dəhlizindən istifadə çərçivəsində əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Tərəflər sərhəd-keçid prosedurlarını asanlaşdırmaq və üç ölkənin müvafiq orqanları arasında qarşılıqlı əlaqəni genişləndirmək niyyətlərini təsdiqləyirlər ki, bu da ticarət dövriyyəsinin, tədarükün və malların tranzitinin artmasına töhfə verəcək.
Dağıstan Respublikasının ərazisində Azərbaycanla quru dövlət sərhədində “Şimal-Cənub” beynəlxalq dəhlizi boyunca 4 avtomobil və 1 dəmir yolu olmaqla, 5 buraxılış məntəqəsi fəaliyyət göstərir. Azərbaycan ərazisində “Xanoba” keçid məntəqəsinin fəaliyyətə başlaması Rusiya və Azərbaycanın ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı marağı olduğunu təsdiq edir və “Şimal-Cənub” dəhlizinin bütün uzunluğu boyunca böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, logistika marşrutlarının və yük tədarükü zəncirlərinin yenidən istiqamətləndirilməsi fonunda Dağıstan Respublikasından keçməklə Azərbaycan Respublikasına və daha sonra üçüncü ölkələrə tranzitlə beynəlxalq daşımalarda avtomobil nəqliyyatı ilə yükdaşımalarda artım müşahidə olunur. Keçirilmiş modernləşdirmə tədbirlərinin nəticələrinə əsasən, Rusiya-Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyəti təxminən 5 dəfə - sutkada 400-dən 1900-ə qədər artırılıb.
Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd əməkdaşlığının genişləndirilməsi məqsədilə Mahaçqaladan Bakıya birbaşa müntəzəm aviareyslər də bərpa edilib. Bu qarşılıqlı fəaliyyət istiqaməti perspektivlidir, gələcəkdə Dağıstan Respublikasını inkişaf etdirməyə və iqtisadi artımı təşviq etməyə qadirdir.
- Azərbaycanla aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Dağıstan Respublikası coğrafi mövqeyinə görə Rusiya ilə Azərbaycan arasında ticarəti təmin edən təbii tranzit marşrutudur. Azərbaycan Respublikası ilə ticari-iqtisadi əlaqələr təsərrüfat subyektləri səviyyəsində, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri arasında həyata keçirilir və respublikamızın xarici iqtisadi fəaliyyətində önəmli yer tutur.
Dağıstandan Azərbaycana un və dənli bitkilər, taxıl, tərəvəz və balıq kimi kənd təsərrüfatı məhsulları tədarük olunur. “Deneb” ASC, “Rıçal-Su” MMC şirkətləri tərəfindən alkoqolsuz içkilər tədarük edilir.
Öz növbəsində, Azərbaycandan Rusiyaya hər il on minlərlə ton meyvə-tərəvəz məhz Dağıstan Respublikası ərazisi vasitəsilə ixrac olunur.
Dağıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var. Dağıstan müəssisələrinin Azərbaycan bazarına bitkiçilik məhsulları, müxtəlif süd və ət məhsulları, mineral sular, alkoqolsuz içkilər və qənnadı məmulatları tədarük etmək imkanı var.
Tərəfdaşlıq əlaqələrinin perspektivli istiqamətləri xarici tərəfdaşların aqrologistikaya, kənd təsərrüfatı məhsullarının emalına və istixana komplekslərinin tikintisinə investisiya yatırılmasıdır. Sərhəd yaxınlığında belə istehsal müəssisələrinin və logistik mərkəzlərin olması xarici iqtisadi fəaliyyətin intensivləşməsinə imkanlar yaradacaq.
- Turizm sektorunda birgə layihələrin həyata keçirilməsi planlaşdırılırmı?
- Turizm xalqlar arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına töhfə verən amil, xarici iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı üçün stimullaşdırıcı alətdir. Məhz buna görə də turizm həmişə əməkdaşlığın inkişafı üçün münbit zəmin olub. 2022-ci ildə Dağıstana turist axını 1,5 milyon insanı ötüb.
Hazırda respublikamızın turizm bazarında 40-a yaxın regional turoperator fəaliyyət göstərir, 90-dan çox turizm marşrutu işlənib hazırlanıb. Azərbaycandan olan həmkarlarımızı Dağıstanın turizm potensialı ilə tanış olmaq imkanı verəcək ixtisaslaşmış şirkətlərin nümayəndələri üçün Dağıstan Respublikasının görməli yerləri üzrə press-turların və infoturların təşkili imkanlarını nəzərdən keçirməyə dəvət edirik.
- Azərbaycanla Dağıstan arasında investisiya əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Dağıstan və Azərbaycanın investisiya əməkdaşlığının inkişafı üçün böyük potensialı var. Dağıstanda 7 sənaye parkı və 2 qabaqcıl sosial-iqtisadi inkişaf ərazisi yaradılıb ki, onların rezidentlərinə dövlət dəstəyi və qanunla müəyyən edilmiş güzəştlər verilir.
Azərbaycan Respublikasından olan investorlar birgə layihələrdə iştirak edə və güzəştli zonaların ərazilərində istehsal obyektləri aça bilərlər. Dağıstan ərazisində dəri zavodunun yaradılması perspektivli istiqamətdir. Belə ki, Dağıstanda kifayət qədər çox sayda ayaqqabı istehsal olunur və dağıstanlı istehsalçıların çoxu dərini respublikadan kənardan alırlar.
Dağıstanda bütün Rusiyada istehsal olunan yunun 25%-i istehsal edilir. Respublikada hər il 14 min tondan bir qədər çox yun istehsal olunur. Respublika ərazisində iki yun emalı müəssisəsi fəaliyyət göstərir ki, onların gücü ümumilikdə 7 min tona yaxın yun emal etməyə imkan verir. Dağıstanda xarici bazarda rəqabətədavamlı məhsullar istehsal edən yun yuyulması və yun emalı müəssisəsinin tikilməsi məqsədəuyğundur.
Azərbaycan şirkətləri logistika komplekslərinin tikintisi sahəsində böyük təcrübəyə malikdir və buna görə də Dağıstan Respublikasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı perspektivə malikdir.
- Azərbaycanla Dağıstan Respublikası arasında ticari-iqtisadi əməkdaşlığın necə inkişaf etdirilməsi planlaşdırılır?
- Azərbaycan ənənəvi olaraq Dağıstanın mühüm ticarət tərəfdaşıdır. Hesab edirik ki, təşkilatlar və təsərrüfat subyektləri arasında xarici iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən ticarət və sənaye palataları arasında qarşılıqlı əlaqənin genişləndirilməsi, biznesin inkişafında maraqlı olan müəssisələr haqqında məlumat mübadiləsinin aparılması istiqamətində işlərin təşkili, Azərbaycan Respublikası və Dağıstan Respublikası nümayəndələrinin təqdimat və sərgilərdə qarşılıqlı iştirakı perspektivli istiqamətdir.