Nazir müavini: “Qazaxıstan AİZ-lərində Azərbaycan şirkətlərini görmək istəyirik”

Nazir müavini: “Qazaxıstan AİZ-lərində Azərbaycan şirkətlərini görmək istəyirik” Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyasında iştirak etmək üçün Bakıdadır. O, “Report”a müsahibəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri, eləcə də Orta
Biznes
5 Aprel , 2023 16:31
Nazir müavini: “Qazaxıstan AİZ-lərində Azərbaycan şirkətlərini görmək istəyirik”

Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyasında iştirak etmək üçün Bakıdadır. O, “Report”a müsahibəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri, eləcə də Orta Dəhlizin potensialından danışıb:

- 2021-ci ildə Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak etmisiniz. Bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına imkan yaradıbmı? Hazırda Qazaxıstanda Azərbaycan kapitallı nə qədər müəssisə var və onların sayı artırmı?

- Azərbaycan və Qazaxıstan mühüm ticarət tərəfdaşlarıdır. Biz bir çox məsələlərdə rəqabət aparmırıq, əksinə, bir-birimizi tamamlayırıq. Eyni zamanda, ticarətin həcmi o qədər də böyük deyil, potensialımıza uyğun gəlmir. Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışında iştirak etmişəm və bu, mənim üçün əlamətdar hadisə idi, çünki ölkələrimizin ticarət, mədəniyyət və s. sahələrdə yaxınlaşması üçün atılan addımlara həmişə şadam.

Ticarət evinin böyük perspektivləri var, çünki dövriyyə həmişə alıcının məlumatlılığı ilə bağlıdır və təəssüf ki, dinamik inkişaf edən Azərbaycan biznesi haqqında biliklərlə bağlı Qazaxıstanda formalaşmış vakuum maneədir və onu aradan qaldırmaq lazımdır. Dünən Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşdüm, onların neft-kimya, bank işi sahəsindəki məhsulları ilə tanış oldum və yaxşı mənada təəccübləndim. Həyata keçirdiyimiz belə missiyalar, eləcə də ticarət evinin açılması ikitərəfli ticarətin inkişafına yönəlib. Hesab edirəm ki, ticarət evlərinin şəbəkəsini genişləndirmək lazımdır. Astanada Azərbaycan Ticarət Evi var, Aktauda isə müəyyən nümayəndəlik var. Azərbaycan tərəfinə məsləhət görərdim ki, Almatıda iştiraklarını genişləndirsinlər, çünki ora, necə də olmasa, Qazaxıstanın biznes paytaxtıdır.

- Azərbaycan investorlarının Qazaxıstana cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışardınız. Qazaxıstanda azad iqtisadi zonaların (AİZ) mövcudluğunu nəzərə alaraq, Qazaxıstan xarici investorlara hansı imtiyazlar verir?

- AİZ-lər Qazaxıstanın yeganə üstünlüyü deyil. Hazırda Qazaxıstanda 1 024-dən çox şirkət Azərbaycan kapitalı ilə fəaliyyət göstərir. Bu rəqəm yalnız artacaq.

Biz bu yaxınlarda türkdilli dövlətlər üçün AİZ yaratmışıq və birmənalı olaraq orada Azərbaycan şirkətlərini görmək istəyirik. Bundan başqa, bizim elə investisiya müqavilələrimiz var ki, onlar müəyyən investisiya subsidiyalarını, kapitalın çıxarılması, xarici işçi qüvvəsinin cəlb edilməsi üzrə stimulları, ən əsası isə fəaliyyət sahəsindən asılı olaraq vergidən azad olunmanı nəzərdə tutur. Bizi bütövlükdə Qazaxıstan sənayesini inkişaf etdirəcək maşınqayırma, elektronika, kimya, neft-kimya və digər sahələr maraqlandırır.

- Orta Dəhliz Şərqdən Qərbə yüklərin daşınmasında mühüm marşrutlardan biridir. Bu marşrut çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Orta Dəhliz Qazaxıstan və Azərbaycan üçün vacibdir. Hesab edirəm ki, bu marşrutun inkişafı üçün birgə səy göstərmək lazımdır. Biz son dövrlərdə ciddi artım müşahidə edirik. Məsələn, keçən il Orta Dəhliz üzrə konteyner daşımaları 33 % artıb. Konteynerləşmə dəhlizdən istifadəni dəfələrlə artırardı. İndi infrastrukturla bağlı müəyyən çətinliklərlə üzləşmişik, haradasa qanunvericilik normaları ilə bağlı problemlər var, haradasa tariflərin müəyyənləşdirilməsi məsələsində ortaq məxrəcə gələ bilmirik. Bu məsələləri həll etdikdə Orta Dəhlizin potensialı dəfələrlə artacaq. Hesab edirəm ki, bu dəhlizin inkişaf perspektivləri çox böyükdür və biz bu marşrutun inkişafı üçün birgə səylər göstərməliyik. Orta Dəhlizə tələbat artacaq.

- 2023-cü ildə qarşılıqlı investisiyalar və ticarətdə hansı göstəricilərə nail olmaq planlaşdırılır? Ticari-iqtisadi əməkdaşlığın hansı yeni sahələri onların böyüməsinə kömək edəcək?

- Bugünkü ticari-iqtisadi missiyanın əsas məqsədi Qazaxıstanın ixrac potensialını artırmaqdır. Ümumiyyətlə isə, biz ticarət dövriyyəsinin artırılması üçün böyük perspektivlər görürük. Bu, son 5 ildə 3-cü belə missiyadır. Hər il müqavilələr imzalayırıq. Bu il ən azı 30 milyon ABŞ dolları dəyərində müqavilələr imzalayacağıq. Reallıqda bu, kiçik məbləğdir. Biz nazirlik daxilində təhlil apardıq və görürük ki, Qazaxıstan günü sabahdan Azərbaycana təxminən 125 növ məhsulun ixracını artıra bilər. Bu isə 200 milyon ABŞ dollarından çoxdur. Hesab edirəm ki, Azərbaycanla əməkdaşlığın inkişaf perspektivləri böyükdür. Sadəcə, ölkələrimiz arasında informasiya boşluğunu doldurmalı və sahibkarlarımıza bizneslərini qura bilmələri üçün güzəştli və əlverişli şərait yaratmalıyıq.

Son xəbərlər

Orphus sistemi