"Azərbaycanın qeyri-neft ixracının dəyəri ikinci ildir 40 %-dən çox artım nümayiş etdirir və bu tempi həmişə saxlaya bilməyəcəyik".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Bu temp asanlıqla başa gəlmir. Onun arxasında yeni yaradılan müəssisələr, enerji daşıyıcılarına çıxış, yeni bazarlara çıxış, ölkə iqtisadiyyatında olan struktur problemlərinin həlli, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi dayanır", - o bildirib.
Bundan başqa, nazir deyib ki, hazırda maliyyə sistemində yeni yanaşmalar üzərində işlənilir, sahibkarlıq subyektlərinin daxili maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Həmçinin məhkəmə-hüquq sistemində aidiyyəti orqanlarla müzakirələr aparılır.