Azərbaycan və Bolqarıstan arasında uzun illərdir davam edən dostluq və strateji tərəfdaşlıq münasibətləri bu gün hər zamankından daha güclüdür. Son dövrlərdə iqtisadi sahədə əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub ki, bu da həm siyasi, həm də biznes sahələrində qarşılıqlı maraqların daha geniş miqyasda təmsil olunmasına imkan yaradıb.
Hər iki ölkə üçün qarşılıqlı sərmayə imkanları, nəqliyyat infrastrukturunun modernizasiyası və ticarət əlaqələrinin şaxələndirilməsi əsas prioritetlərdəndir. İki ölkə də bu sahədə birgə fəaliyyətə diqqət yetirir, əməli addımlar atır.
Bolqarıstanın iqtisadiyyat və sənaye nazirinin müavini Nikolay Pavlov “Report”a müsahibəsində ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq sahəsindəki nailiyyətləri, gələcək hədəfləri və yeni imkanları barədə danışıb, iki ölkə arasında mövcud əlaqələrin yaratdığı potensialdan söz açıb.
- Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyətini necə dəyərləndirirsiniz? Son illərdə hansı mühüm nailiyyətlər əldə edilib?
- Sön dövrlərdə iki ölkə arasındakı iqtisadi əlaqələr olduqca məhsuldardır. Xüsusilə son zamanlarda həm siyasi, həm də iqtisadi sahələrdə şirkətlərimiz arasında ən yüksək səviyyədə güclü əlaqələr yaradılır. Məsələn, iyulun 1-də Bakıda keçirilən Bolqarıstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclası bunun mühüm göstəricisidir. Bu iclas uzun fasilədən sonra təşkil edildi və iqtisadi əlaqələrə dair bir çox mövzuya toxunmaq imkanı oldu. Son illərdə bu əlaqələrin daha da məhsuldar olduğunu əminliklə deyə bilərəm. Enerji, qaz və neft kimi sahələrdə olduqca yüksək ticarət həcmləri qeydə alınır. Təbii ki, iqtisadi əlaqələri şaxələndirəcək yeni sahələri də müəyyənləşdirməyə davam edirik.
- Sizcə əməkdaşlığın hansı əsas istiqamətləri ən yüksək inkişaf potensialına malikdir?
- Enerji sektorunda intensiv əlaqələrimiz var. Ötən ildən etibarən Bolqarıstanın Sofiya şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ofisi fəaliyyət göstərir. Azərbaycandan ciddi həcmdə qaz idxal edirik.
İki ölkə arasında müxtəlif enerji layihələri üzərində çalışırıq. Ancaq biznes mühiti və ticarət üçün daha çox imkanlar yaratmaq məqsədilə bu əməkdaşlığı genişləndirməyi hədəfləyirik. Kənd təsərrüfatı, qida və əczaçılıq sektorlarında əməkdaşlığı artırmaq istiqamətində fəaliyyət əsas məqsədlərdəndir. Həmçinin turizm sahəsindəki əlaqələri intensivləşdirməyi planlaşdırmışıq.
- Regiondakı geosiyasi dəyişikliklər ölkələrimiz arasındakı iqtisadi əlaqələrə necə təsir edir? Bu dəyişikliklər hansı yeni imkanları və çağırışları özü ilə gətirir?
- Vəziyyət olduqca çətin və mürəkkəbdir. Bu səbəbdən Bolqarıstan enerji sektorunu daha təhlükəsiz vəziyyətə gətirmək və şaxələndirməyin yollarını axtarır. Bu baxımdan Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Enerji sahəsində Azərbaycan ilə intensiv əməkdaşlığımız var. Məsələn, yaşıl enerji kabeli layihəsində iştirak edirik. Bolqarıstan uzun müddətdir ki, bu prosesi izləyir və dəstəkləyir. Həmçinin qısa müddət əvvəl bu mühüm layihədə iştirak etmək barədə qərar verib.
Bütün qeyd etdiyimiz çətinliklər də enerji sahəsində əlaqələrimizi daha möhkəm təməllər üzərində qurmağa imkan verdi. Deyə bilərəm ki, bu günə qədər iki tərəfin də maraqlarına uyğun şəkildə mükəmməl bir əməkdaşlıq qurmuşuq. Bu əməkdaşlıq enerji sektorunu şaxələndirilmiş enerji qarışığı və daha çox "yaşıl enerji" ilə gücləndirərək iqtisadiyyatımızı daha davamlı edir. Bu, çox müsbət bir inkişafdır.
- Ölkələrimiz arasında nəqliyyat dəhlizlərinin modernizasiyası istiqamətində hansı layihələr həyata keçirilir? Bolqarıstanın Orta Dəhlizə qoşulması mümkündürmü?
- Orta Dəhliz son dərəcə mühüm layihədir və Bolqarıstan bu marşrutu dəstəkləyir. İnanırıq ki, bu dəhliz tam şəkildə fəaliyyət göstərərsə, strateji mövqeyi sayəsində ticarət və iqtisadiyyatda yeni imkanlar yaradacaq. Layihənin yekunlaşması nəticəsində yükdaşımalarının daha sürətli və səmərəli olacağını, həmçinin biznes mühiti və ticarət üçün yeni imkanlar təqdim edəcəyini proqnozlaşdırırıq.
- Azərbaycandan Bolqarıstan iqtisadiyyatına və Bolqarıstandan Azərbaycana investisiya cəlbi üçün hansı addımlar atılır? Hazırda Bolqarıstan və Azərbaycan şirkətlərinin iştirakı ilə hansı özəl investisiya layihələri həyata keçirilir?
- Biz investisiyalar üçün bütün mövcud imkanları çox fəal şəkildə qiymətləndiririk. Bir neçə ay əvvəl Bakıda keçirilən ikitərəfli hökumətlərarası iclasda iki ölkə arasında investisiya imkanlarına xüsusi diqqət yetirdik və bu məsələni ətraflı müzakirə etdik. Biz Azərbaycanın regiondakı strateji mövqeyindən xəbərdarıq. Eyni şəkildə, Azərbaycan tərəfi Bolqarıstanın Avropa qitəsində, xüsusilə Balkanların mərkəzində yerləşən strateji mövqeyini bilir. Bundan əlavə, yaxın bir neçə ay ərzində Bolqarıstanın Şengen zonasına tam daxil ediləcəyi gözlənilir ki, bu da bizə yeni rəqabət üstünlüyü yaradacaq. Bu kontekstdə investisiya imkanlarını, iqtisadi zonalarımı və bu regionlardakı potensialları müzakirə etdik.
Biz Azərbaycandakı iqtisadi zonalardan xəbərdarıq və Bolqarıstanda da əhəmiyyətli investisiyalar və sənaye müəssisələrini cəlb etməyə hazır olan sənaye zonalarını təşviq edirik. Bolqarıstan böyük Avropa bazarına giriş qapısı kimi strateji rol oynayır. Mən İqtisadiyyat və Sənaye Nazirliyi adından danışıram və bildirmək istəyirəm ki, Bolqarıstan hökuməti istənilən investisiya marağını və təşəbbüsünü dəstəkləməyə hazırdır. Biz iki ölkə arasında əhəmiyyətli investisiyalar üçün bütün mövcud imkanları təşviq edir və əməkdaşlığı gücləndirməyə çalışırıq.
- Ölkələrimiz arasında ticarət həcmini necə artırmaq olar? Bunun üçün hansı maneələr var? Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün hansı addımlar atılır? Kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı birgə müəssisələrin yaradılmasına dair layihələr varmı?
- İki ölkə arasındakı maneələr getdikcə azalır. Dediyim kimi, nəqliyyat bu məsələdə mühüm amildir. Bu kontekstdə məhsulların logistikasının daha sürətli və səmərəli olması böyük əhəmiyyət kəsb edir. Bununla belə, şirkətlərimizi bir araya gətirmək, müxtəlif yarmarkalarda, biznes forumlarda iştirak etmək, iş adamlarımızı görüşməyə, birgə işləməyə təşviq etmək lazımdır. Bu addımlar ticarətimizin şaxələndirilməsi üçün imkanlar yaradacaq. Hazırda ticarətimizin böyük hissəsi təbii qaza yönəlib, lakin potensialımız daha genişdir. Biz müxtəlif məhsullar vasitəsilə ticarətimizi şaxələndirə bilərik.
Bizim əsas üstünlüyümüz ölkələrimiz arasında mükəmməl münasibətlər, sıx siyasi və iqtisadi əlaqələrdir. Bu möhkəm təməllər üzərində enerji layihələrimizi həyata keçirməklə ticarət qurumları və müvafiq nazirliklərimiz arasında əlaqələri daha da gücləndirməyi planlaşdırırıq. Bu səylər bizdən yeni imkanları kəşf etməyi tələb edən hazırkı şəraitdə müsbət nəticələr verəcək. Onu da vurğulamaq istərdim ki, Bolqarıstan şirkətləri Azərbaycanda infrastruktur layihələrində, xüsusilə də azad olunmuş ərazilərin yenidən qurulması proqramında iştirak etməkdə maraqlıdırlar.
Nəhayət, Bakı ilə Sofiya arasında yeni bir neçə aydır fəaliyyət göstərən yeni birbaşa aviareysin əhəmiyyətinə diqqəti cəlb etmək istərdim. Bu aviareys biznes mühitinə və xalqımıza daha çox qarşılıqlı əlaqə imkanları təqdim edir və eyni zamanda turizm sektoruna böyük töhfə verir. Ölkələrimiz arasında mədəni əlaqələr kifayət qədər intensivdir və bu yeni nəqliyyat əlaqəsi də turizmin canlanmasına kömək edəcək.
Ümumiləşdirsək, əla münasibətlərə və qarşılıqlı maraqlara əsaslanan intensiv əlaqələrimiz və artan ikitərəfli ticarətimiz var. Bununla belə, ticarətimizin daha da şaxələndirilməsi, yeni sektorların araşdırılması və ticarət həcminin artırılması əsas hədəflərimizdən biridir.