İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 300-dən çox müraciət üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub.
“Report”un məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilmiş tədbirdə bildirib.
O. Məmmədov ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən uğurlu islahatların, mediasiya institutunun formalaşmasının, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının investisiya və biznes mühitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərdiyini vurğulayıb.
O qeyd edib ki, biznes subyektlərinin hüquqlarının müdafiəsi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir: “Kommersiya mübahisələrinin həlli istiqamətində Agentliyə daxil olmuş 300-dən çox müraciət üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub. “Mediasiya haqqında” Qanun mübahisələrin məhkəmədən kənar – mediasiya yolu ilə həllinə öz töhfəsini verməkdədir. Agentliyin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 9 KOB dostu mediator sertifikatına malikdir”.
KOBİA rəhbəri bildirib ki, sahibkarların işgüzar mübahisələrinin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin, kommersiya sirrinin yayılmasının qarşısını alır, şirkətin işgüzar nüfuzuna zərər dəyməsi ehtimalını azaldır.
Qeyd edək ki, bu gün KOBİA, Vəkillər Kollegiyasının və Mediasiya Şurasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə dövlət qurumlarının və iş adamlarının iştirakı ilə növbəti ictimai müzakirə təşkil olunub. “Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilmiş tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar alternativ həll yolları, bu sahədə mediasiyanın rolu, sahibkarların qarşılaşdıqları çətinliklərin mediasiya vasitəsilə həlli müzakirə edilib.
Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai müzakirədə İqtisadiyyat Nazirliyi və qurumlarının, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, millət vəkilləri, Vəkillər Kollegiyasının üzvləri, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən sahibkarlar və biznes assosiasiyalar iştirak ediblər.