"Azərbaycanda əzcaçılıq məhsullarının istehsalı idxaldan kəskin şəkildə asılıdır".
"Report" İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədri Orxan Məmmədov bildirib.
O, bu barədə "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə danışıb.
"Pandemiyanın ilk dövrü ölkəmizin sadə tibb ləvazimatlarından necə asılı olduğunu bizə göstərmişdi. İdxal olan ləvazimatlara tətbiq olan rüsumların yüksək olması xidmətlərin maya dəyərinin artmasına səbəb olmuşdu. Dərman vasitələrinin, tibbi avadanlıqların ölkəyə idxalını əvəzləmək, yerli sahibkarları bu cür məhsullar istehsal etməsini stimullaşdırmaq üçün zəruri dəstək tədbirləri həyata keçirilməsini zəruri hesab edirik. Bu sahənin elm və maliyyə tutumlu olduğunu nəzərə alaraq, mütərəqqi dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqi, həmçinin güzəşt mexanizmlərinin hazırlanması təklif olunur”, - deyə O.Məmmədov qeyd edib.