Bu günə qədər Pakistanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi 4,2 milyon ABŞ dolları dəyərindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda qeydiyyatdan keçən Pakistan şirkətlərinin sayı 2 238-dir.
Nazir müavini deyib ki, Azərbaycanla Pakistan arasında ticarət əlaqələri əməkdaşlığımızın əsasını təşkil edir: "Yüksək səviyyədə olan ticarət əlaqələri ikitərəfli münasibətlərin inkişafı üçün münasib şərait, imkan yaradır. Bizim əməkdaşlığımızın əsas istiqamətləri müdafiə, energetika, infrastruktur, İnformasiya texnologiyaları sahələridir.
2020-ci ildə həyata keçirilmiş işlər nəticəsində ölkələr arasında ticarət dövriyyəsi 9,6 milyon ABŞ dolları təşkil edib, 2021-ci ildə isə ticarət dövriyyəsi 2,5 dəfə artıb. Ümid edirik ki, bu göstərici artacaq. Çünki ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının geniş potensialı var".