Pandemiya dövründə xarici ticarətin vəziyyəti və diversifikasiyası - ŞƏRH

Pandemiya dövründə xarici ticarətin vəziyyəti və diversifikasiyası - ŞƏRH Pandemiya nəticəsində iqtisadiyyatın müxtəlif sektorlarında yaranan problemlər xarici ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib
Biznes
4 Mart , 2021 12:24
Pandemiya dövründə xarici ticarətin vəziyyəti və diversifikasiyası - ŞƏRH
Nicat Hacızadə

2020-ci ilin əvvəlindən koronavirus (COVİD-19) pandemiyasının bir çox ölkələrdə sürətlə yayılması Azərbaycan hökumətinin də çevik reaksiyası ilə nəticələnib

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Pandemiyanın Azərbaycanda ixrac əməliyyatlarına təsirini şərh edərkən bildirib.

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə pandemiyanın nəticələrinin öyrənilməsi, sosial izolasiya tədbirlərinin həyata keçirilməsi, iqtisadiyyata dəyə biləcək mənfi təsirlərin minimuma endirilməsi məqsədi ilə Nazirlər Kabineti yanında qərargah yaradıldı. Prezidentin pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Sərəncamının icrası ilə qısa və orta müddətli yol xəritəsi hazırlandı. Yol xəritəsi üç istiqaməti əhatə edib:

  1. İqtisadi artıma və sahibkarlığa dəstək
  2. Məşğulluq və sosial rifaha dəstək
  3. Makroiqtisadi və maliyyə sabitliyi

Pandemiya nəticəsində iqtisadiyyatın müxtəlif sektorlarında yaranan problemlər xarici ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib. Pandemiya zamanı biznesə və iqtisadiyyata artan qeyri-müəyyən gözləntilər əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının daralmasına, potensial sifarişlərin azalmasına səbəb olub. Bunun da təsiri ilə xarici ticarət dövriyyəsi həcm və dəyər baxımında azalıb. Yaranmış vəziyyətə operativ reaksiya verən Azərbaycan hökuməti qeyri-neft ixracının azalmasının qarşısının alınması məqsədilə stimullaşdırıcı və dəstəkləyici qərarlar qəbul edib.

Qeyri-neft məhsullarının ixracına marağın artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən malların ixrac qeydi ilə satışı mexanizminin vergi məcəlləsinə daxil edilməsi - Qeyri-neft məhsullarının “ixrac qeydi ilə satışı” zamanı ƏDV-yə (0) dərəcə ilə cəlb olunması yeri istehsal məhsulunun qiymət üstünlüyünə malik olmasını şərtləndirəcək.

İdxal olunan və yerli istehsalı olmayan xammal və ara mallardan asılı olan yerli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi - ixrac edilən məhsulların rəqabətqabiliyyətliyinin təmin edilməsi məqsədilə atılan addımdır. Sektorial təhlillərə əsasən, ixrac edilən bəzi mal və məhsulların ölkə daxili istehsalı müqayisəli üstünlüyə malik deyil. Həmin xammal və ara malların idxal edilərək, istehsalın tərkib hissəsinə cəlb edilməsi ixrac ediləcək məhsulun xarici bazarda qiymət üstünlüyünü artıracaq.

Sahibkarlar tərəfindən daxildə xüsusi gömrük prosedurundan istifadənin stimullaşdırılması istiqamətində tədbirlərin görülməsi - sözügedən stimullaşdırıcı tədbirlər nəticəsində xarici sifarişlərin sayının artımı dəstəklənəcəkdir. Belə ki, fiziki və ənənəvi xidmət ixracına malik olan ticarətin pandemiya dönəmində mənfi təsirlərdən qorunması iqtisadi aktivliyin də daralmasının qarşısını alacaq.

Xarici ticarətin mövcud vəziyyəti və şaxələnməsi

Azərbaycanın ixracyönümlü istehsal strategiyasına keçidini təmin edən islahatları qanunvericilik və icraat proseslərində izləmək mümkündür. Pre-pandemiya dövründə istehsalın artımı və xarici bazarlara çıxış imkanlarının artırılması istiqamətində təşviqedici və stimullaşdırıcı mexanizmlər həyata keçirilib. Xarici ticarətin şaxələndirilməsi həm idxalatçı və ixracatçı subyektlərin rifahı, həm də makroiqtisadi sabitliyin dayanıqlılığı üçün mühüm şərtdir. İxracın diversifikasiyası kimi idxalında şaxələndirilməsi əhəmiyyətli dərəcədə vacibdir. İdxal şaxələnmədiyi müddətdə müxtəlif sektorların dayanıqlı istehsal və xidmətlərinə mənfi təsir edir. İxracın diversifikasiyası kimi idxalın şaxələndirilməsi siyasəti də məhsul və coğrafi nöqteyi-nəzərdən vacibdir. İdxalın coğrafi və məhsul şaxələndirilməsi sözügedən ticarətin statistik artımına deyil, keyfiyyətinə hesablanıb. Habelə, idxalın şaxələndirilməsi ixracın da diversifikasiyasına təsir edir. Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” bir sıra qərarları və “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalarının qarşısının alınması ilə bağlı Tədbirlər Planı"nda idxal olunan və yerli istehsalı olmayan xammal və ara mallardan asılı olan yerli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi ixracın stimullaşdırılması və rəqabətqabiliyyətliyinin artırılması ilə əsaslandırılır. Daha rəqabətcil ixracın təmin edilməsi məqsədilə ucuz və keyfiyyətli xammal komponentlərinə ehtiyac duyulur. Statistika nöqteyi-nəzərdən 2020-ci ildə Azərbaycanın idxal mallarının çeşidliyi 2015-ci ilə nəzərən 20,6% artıb. İxracın əməliyyatları üzrə neft sektorunun payı 2709-2715 mal mövqelərindən ibarətdir. Xam neftin mütləq üstünlük təşkil etdiyi neft-qaz sektorunun da diversifikasiyasının aşağı olduğunu nəzərə alaraq, ixrac edilən malların çeşidliyi 12,3% artıb. Dünya ticarətində, habelə Azərbaycanın xarici ticarətində liberallaşdırma siyasətinin fəlsəfəsi yalnız istehlakçıların daha ucuz məhsullara çıxış imkanın artması ilə deyil, həmçinin makroiqtisadi dayanıqlığın təmin olunması üçün ixracatın həcm və dəyərinin artmasıdır. Azərbaycanda xarici ticarət iştirakçıları, məhsul və coğrafi baxımdan idxal diversifikasiyası ixrac şaxələndirilməsi ilə müqayisədə daha genişdir.

COVİD-19 pandemiyası dövründə Azərbaycanın neft-qaz ixracı

COVİD-19 pandemiyası Azərbaycanın ixracın mənfi yöndə təsir edib. Əmtəə strukturunu təhlil edən zaman diversifikasiyanın artırılması istiqamətində islahatların dərinləşməsinə ehtiyac formalaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələrdə şaxələndirmə siyasətinin önəmi daima qabarıq şəkildə qeyd olunub. Dövlət Statistika Komitəsinin statistikasına əsasən, 2020-ci ildə xam neft ixracından əldə edilən gəlirlər 36,8% azalaraq 9,4 milyard ABŞ dolları, neft məhsullarından əldə edilən gəlirlər isə 36,2% azalaraq 295,1 milyon dollar təşkil edib. Təbii qaz ixracına nəzər saldıqda da eyni mənzərə müşahidə edilir. 2019-cu ildə təbii qaz ixracından əldə edilən gəlirlər 2,4 milyard dollar təşkil etdiyi halda, pandemiya ilində bu rəqəm 7,4% azalaraq 2,2 milyard dollar təşkil edib. Statistik indikatorların təhlili zamanı neft-qaz sektorun üzrə ixracda emal sənayesinin payının az olmasını müşahidə edirik. Emal sənayesinin inkişafı istiqamətində atılan həyata keçirilən islahatların əsas prinsipi institutsional reformalardır. Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması istiqamətində müvafiq Fərman imzalanıb.

COVİD-19 pandemiyası dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının diversifikasiyası

Covid-19 pandemiyası nəticəsində yaranan ixrac daralmalarının qarşısının alınması istiqamətində dövlətin ilkin addımları ixracın stimullaşdırılması və dəstəklənməsinə yönəlib. Sözügedən dəstəyin ixracın diversifikasiyası olunması istiqamətində müsbət təsirləri olacaqdır. Belə ki, xarici bazarlara inteqrasiya istiqamətində sahibkarların xərc yükünün yüksək olması qiymət rəqabətində uduzmasına səbəb olur. Dövlət tərəfindən göstəriləcək dəstək mövcud ixracın səngiməsinin qarşısını almaqla bərabər, qeyri-ənənəvi əmətəələrin xarici bazara çıxışını asanlaşdıracaq. Covid-19 pandemiyası dönəmində ixrac portfelində yer alan mal və məhsul çeşidlərinin 2,5% azalması xarici sifarişlərin azalması ilə əlaqədardır. 2017-2019-cu illər və 2020-ci ilin rüblük yekunlarına dair statistik göstəricilərə uyğun olaraq, qeyri-neft ixracı səbətinə daxil olan hərəkətverici 9 məhsulun qeyri-neft ixrac dəyərində dominantlığı mövcuddur. 2017-ci ildən etibarən ixrac səbətinin 0,2-0,3% intervalında dəyişən qüvvətverici 9 mal və məhsulların tərkibində minimal dəyişikliklərin olması və sözügedən əmtəələrin ixracda payının 50% civarında dəyişimi ixracda konsentrasiya faizinin yüksək olmasını sübut edir. Tarixi statistikaya əsasən, ixracda yüksək paya sahib az sayda əmtəələrin pandemiyanın təsirlərinə baxmayaraq, minimal dəyişikliyə məruz qalması müşahidə olundu. Tədqiqat çərçivəsində ixrac səbətinin minimum əmtəə payının ixracın tətikləyici qüvvəsi olması riskini daha da minimallaşdırmaq istiqamətində mikro və makro səviyyədə dəstəklərin göstərilməsi əsas çağırışdır.

İnnovativ həllərin tətbiqindən başlayaraq, azad ticarət müqavilələrinin bağlanmasına qədər tədbirlərin həyata keçirilməsi beynəlxalq təcrübədə tətbiq edilən nəticəverici tədbirlərdir. Habelə, biznes mühitinin liberallığı, ixracatçılar arasında rəqabətin təmin edilməsi post-pandemiya dövründə ixracın diversifikasiyasına səbəb olacaqdır. Post-pandemiya dönəmində kiçik və orta sahibkarlığın ixracda payının artırılması istiqamətində ucuz maliyyə resurslarına əlçatanlığı, ixracyönümlü kreditlərin verilməsi və müxtəlif dəstəkləyici (beynəlxalq keyfiyyətin tətbiqi, tədqiqat və inkişaf xərcləri) tədbirlərin göstərilməsi ixracın diversifikasiyasında məhsul çeşidliyini artıracaq.

Pandemiya dönəmində ixrac məhdudiyyətlərinin ixraca yaratdığı ciddi problemlər, post-pandemiya dönəmində azad ticarəti daha da təşviq edəcəkdir. Beynəlxalq ticarətə açıqlıq istiqamətində Azərbaycanın güzəştverici və dəstəkləyici xarakterə malik ticarət və gömrük birliklərinə üzvlüyü əsas çağırışlardan biridir.

Nəticə etibarı ilə, ixracın diversifikasiyası iqtisadiyyatın şaxələnməsindən birbaşa asılıdır. İqtisadi inkişaf və artıma nail olmaq istiqamətində ixracın diversifikasiya siyasətinə yönəlmə xarici ticarətin liberallaşdırılması ilə əlaqəlidir. Çağdaş dönəmdə müqayisəli üstünlüyə malik əmtəələrin qiymət üstünlüyünə və keyfiyyət standartlarına malik olması mühüm şərt hesab edilir. Azərbaycanın müqayisəli üstünlüyə malik əmtəələrinin kəşf edilməsi istiqamətində biznes mühitinin innovativ həllərə meyl etməsi, bilik və ixtiraya dayanan modellərin kommersiya strukturları tərəfindən tətbiqi ixracın diversifikasiyasını daha da sürətləndirəcək", - mütəxəssis qeyd edib.

Son xəbərlər

Orphus sistemi