Avropa İttifaqının üzv ölkələri “Brexit”lə bağlı keçid dövründən sonrakı dövrdə Böyük Britaniya ilə iqtisadi əlaqələrini tənzimləyəcək ticarət sazişinə dair danışıqların nəticəsiz qalması ehtimalına qarşı hazırlıq görür.
“Report” “The Daily Telegraph”a istinadən xəbər verir ki, yüksək rütbəli diplomatik mənbəyə görə, tərəflər saziş imzalamaq üçün son tarix - oktyabrın 15-dək razılığa gəlməsə gələcəkdə xaos baş verə bilər. Eyni zamanda, bəzi mənbələr sonradan danışıqlara qayıdılmasını istisna edir və bunun fəsadlarını yumşaltmaq üçün Böyük Britaniya ayrı-ayrı üzv ölkələrlə ikitərəfli sazişlər imzalamalı olacaq.
Bundan əvvəl Birləşmiş Krallıq da, Avropa İttifaqı da keçid dövrünün başa çatacağı ilin sonunun get-gedə yaxınlaşması müqabilində danışıqların çətin getdiyini etiraf etmişdilər. Daha əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson razılığa gəlmək üçün Aİ zirvə görüşünün oktyabrın 15-nə təyin etmiş və həmin tarixdən sonra davam etməyin mənasız olduğunu bildirmişdi.
Xatırladaq ki, Böyük Britaniya Aİ üzvlüyündən bu il fevralın 1-də çəkildikdən sonra tərəflər ilin sonunadək keçid dövrü barədə razılığa gəlmişdilər. Həmin dövrdə Böyük Britaniyaya Aİ qaydaları şamil ediləcək. Nəticədə tərəflər arasında ticarət sazişi imzalanmasa, onlar əlaqələrini Dünya Ticarət Təşkilatının qaydalarında nəzərdə tutulan bütün rüsum və kvotalar əsasında qurmalı olacaq.