İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Türkiyə arasında bu aydan qüvvəyə minən Preferensial Ticarət Sazişi barədə sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün videokonfrans formatında görüş təşkil olunub.
Bu barədə "Report"a AZPROMO-dan bildirilib.
Görüşdə Fondun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev çıxış edərək Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə ticarətdə mallar və xidmətlərin şaxələndirilməsinin əhəmiyyətini vurğulayıb, Sazişin iqtisadi əlaqələrə yeni inkişaf tempi gətirəcəyini qeyd edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli ticarətin sazişə uyğun olaraq təşkili və ixrac ediləcək məhsullara tətbiq olunan müvafiq kvotalar haqqında sahibkarları məlumatlandırıb.
Tədbirdə Sazişlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.