"Azərbaycanın işğal dövründə tam məhv edilmiş infrastrukturunun yenidən qurulmasında innovativ və ağıllı layihələrinin icrası ilə ümumilikdə Qarabağın rəqəmsal transformasiyanın mərkəzi və innovasiya habına çevrilməsi potensialı böyükdür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu sahədə Avropa İttifaqının “Horizon 2020” təşəbbüsü çərçivəsində qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlıdır".
"Report" Mərkəzə istinadən xəbər verir ki, bunu qeyd edilən layihənin nümayəndə heyətini qəbul edən qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.
Görüşdə ITHACA Laboratoriyasının direktoru, MetaMind Innovations P.C.-nin həmtəsisçisi, Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin prorektoru Rafiq Camalov və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi iştirak edib.
V.Qasımlı Azərbaycanın 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər və strateji vizyonda innovasiya siyasəti və İİTKM-in flaqman layihələri olan azexport.az və rəqəmsal ticarət portalının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu kimi regionda innovasiyalar habı olmaq sahəsində böyük potensiala malikdir və işğaldan azad olunmuş ərazilərdə Avropa İttifaqı ilə ağıllı kənd layihələri çərçivəsində uğurlu əməkdaşlığa başlanılıb.
Sarigiannidis Panagiotis Azərbaycanda sənaye sahəsində elmin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq bildirib ki, Azərbaycan “Horizon 2020” çərçivəsində əməkdaşlıq üçün arzuolunan tərəfdaşdır və Qarabağda rəqəmsal mərkəzin yaradılması, modern şəhər layihəsinin tətbiqi və ölkədə innovativ təlim mərkəzlərinin yaradılması sahəsində böyük potensial vardır və bu əməkdaşlıqda Avropa Universitetləri maraqlıdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq sahələri müzakirə edilib, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.