"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) “İnvestisiyaların təşviqi strategiya”sında qlobal indekslərdə olan şirkətlərin ölkəyə cəlbi ilə bağlı qarşımıza hədəf qoymuşuq".
"Report” xəbər verir ki, bunu AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
O bildirib ki, strategiyada qoyulan hədəfdə qlobal birja indekslər səbətini formalaşdıran şirkətlərdən 10-unu 2025-ci ilə qədər ölkəyə gətirilməsi nəzərdə tutulur:
“Ancaq 2021-ci ildə işlərin necə getməsi ilə bağlı proqnoz vermək çox çətindir. Koronavirusa qarşı peyvəndlənmə işləri bitəndən sonra müəyyən müsbət addımlar qeydə alına bilər. Lakin hazırda adi investorların ölkələrindən çıxmasında yaxud da Azərbaycana gəlməsində çətinliklər var. Xüsusilə də Avropa ölkələrində koronavirusla bağlı sərt karantin qaydaları tətbiq edilir. Bizim əsas hədəfimizdə olan şirkətlər Avropa ölkələrindəndir”.