Dövlət Gömrük Komitəsində könüllülərin fəaliyyətini fərqləndirmək məqsədilə sertifikatların verilməsində yeni qaydalar tətbiq olunub.
Bu barədə "Report"a Komitədən bildirilib.
Qurumun Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyevin sözlərinə görə, bu qaydalara əsasən “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə təqdim ediləcək sertifikatlar 3 növdən ibarət olacaq.
Qaydalara uyğun olaraq, 1-ci dərəcəli sertifikat 45-50, 2-ci dərəcəli sertifikat 35-44, 3-cü dərəcəli sertifikat isə yekun qiymətləndirmədən 0-34 bal toplayan könüllülərə təqdim ediləcək. Eyni zamanda ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ölkədə gənclərin könüllü hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi siyasətinə uyğun olaraq, Komitə rəhbərliyinin göstərişinə əsasən, regionlarda yaşayan gənclərimizin də “Könüllü gömrükçü” dəstəsinə cəlb edilməsi prosesinə də start verilib. Bu məqsədlə regionda yaşayan gənclərin də “Konüllü gömrükçü” dəstəsinə üzv olması üçün elektron portalda müraciət etmələrinə imkan yaradılıb. Bunun üçün regionda könüllü fəaliyyət göstərmək istəyən gənclər yaşadığı və ya yerləşdiyi ərazi baş gömrük idarələrini və həmin baş idarələrin strukturuna daxil olan gömrük postlarını elektron müraciətdə qeyd edə bilərlər.
Qeyd edək ki, artıq ilk dəfə olaraq cari ilin fevral ayından fəaliyyətə başlayan 3-cü “Könüllü gömrükçü” dəstəsinə regionlarda yaşayan 15 nəfər gənc könüllü seçilib və həmin dövrdə Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin strukturuna daxil olan gömrük postlarında fəaliyyətə başlayıblar. Bu proses pandemiya şəraiti bitdikdən və epidomoloji vəziyyət yaxşılaşdıqdan sonra da davam etdiriləcək.
Bununla yanaşı, Prezident İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətin atdığı bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilib. Həmin Mərkəzdə təmsil olunan “Könüllü gömrükçü” dəstəsinin 100-dən artıq könüllüsü AKƏM-in çətiri altında təşkil olunan çox saylı sosial tədbirlərdə aktiv iştirak ediblər.