"Müasir dövrdə biz nəyinsə sabit qalacağını, hər gün eyni tərzdə eyni işi görəcəyimizi unutmalıyıq. Şəraitdən, şərtlərdən, tapşırıqlardan, çətinliklərdən asılı olaraq biz dəyişməliyik".
“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Rövşən Nəcəf “Bakı Ekspo Mərkəzi”ndə baş tutan “Yüksəliş” müsabiqəsinin final mərhələsi çərçivəsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda tədbirdə gənclərə tövsiyələrini çatdırarkən deyib.
“Mən sizə birinci tövsiyə kimi onu deyə bilərəm ki, istənilən vaxt, istənilən şəraitdə özünüz olun. Hər birimiz öz fərqliliyimiz, müxtəlifliyimizlə seçilirik və ümumi işin ərsəyə gəlməsinə töhfə veririk. Özünüz dedikdə bu ana kimi topladığınız biliklər, bacarıqlar, təhsil və təcrübənizin məcmusu nəzərdə tutulur. Bundan sonra isə qoyduğumuz hədəfə çatmaq üçün yeni bilik və bacarıqlara yiyələnmək lazımdır”, - deyə R.Nəcəf bildirib.
O qeyd edib ki, müasir çağırışlardan danışarkən daha çox bacarıqlara önəm verildiyi nəzərə alınmalıdır: “Bir işə qəbul olunarkən CV-dən çox, nəyi bacardığınıza fikir verilir. Təbii ki, bu zaman işə qəbul edəndən də çox şey asılıdır. Biz bir mühitdə çalışırıqsa, qarşılıqlı olaraq bir-birimizə yeni bilik və bacarıqlar şəklində töhfə veririk. Çalışdığımız mühit yeniliklərə, təkmilləşməyə, dəyişikliyə açıqdırsa, deməli, o mühit həm bir əməkdaş kimi həm bizə, həm də cəmiyyətə faydalı olacaq.
Araşdırmalar göstərir ki, növbəti 10 ildə təxminən bir milyard peşə üzrə əlavə bilik və bacarıqlara ehtiyac olacaq. Əlavə bacarıq dedikdə hamının proqramçı və yaxud kodlaşma üzrə mütəxəssis olacağı başa düşülməməlidir. Bu, daha çox kritik düşüncə tərzi, problemin həlli yollarını tapmaq, problem və çətinliklərdən qorxmamaq, müəyyən uğursuzluqlara görə işi yarımçıq qoymamaqdır”.
R.Nəcəf iştirakçıların “menecerin (rəhbərin) üç əsas keyfiyyəti hansılardır?” sualına da cavab verib. O, həmin xüsusiyyətləri aşağıdakı kimi təsnifləşdirib:
“İlk növbədə çətin qərarlar vermək məsələsini uzatmamaq lazımdır. Bəzi ağrılı, çətin qərarlar verilməlidirsə, biz vaxt uzatmaqla onlara təsir edə bilmirik. Əksinə, vaxt uzatmağın fəsadları ortaya çıxa bilər.
İkinci əsas keyfiyyət komandanı dinləmək və təşəbbüskarlıq mühitini formalaşdırmaqdır. Bu o deməkdir ki, lider tabeliyində olan hər kəsi eşitməlidir. Bu o demək deyil ki, eşitdiyi hər fikir doğrudur və onu icra etmək lazımdır. Amma bütün təşəbbüs və ideyalar səslənmək hüququna malikdir. Onlar qəbul edilməsə də, bunun səbəbi izah olunmalıdır.
Lider üçün üçüncü əsas keyfiyyət özünüinkişafdır. Menecerin, rəhbərin beynində daim “daha yaxşı ola bilərəm, öyrənməli olduğum çox şey var” fikri olmalıdır. Heç kəs mükəmməl deyil, amma yaxşı menecer mükəmməlliyə doğru getməlidir”.