Rusiyanın Şimali Osetiya respublikasında qeydiyyatdan keçmiş “Rokos” şirkəti sentyabr ayından etibarən Azərbaycana mebel tədarükünə başlayacaq.
“Report” Şimali Osetiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, müvafiq saziş respublika sahibkarlarının Azərbaycana səfəri zamanı imzalanıb.
Qeyd olunur ki, daha iki şirkətin – potensial tərəfdaşların mütəxəssisləri “Rokos”un istehsal sahələri və imkanları ilə tanış olmaq üçün Vladiqafqaza səfər planlaşdırır.
Şimali Osetiyanın sahibkarlarının Bakıda olduğu dövrdə, həmçinin “T-Cosmetics” (dezinfeksiyaedici, parfümeriya-kosmetika məhsulları), “Buxardon” (mineral su və limonadlar) və “Alaniya buzlaqları” (əriyən buzlu su) şirkətləri tərəfindən məhsulların təqdimatları keçirilib.
Məlumata görə, danışıqlar uğurlu olub, gələcək əməkdaşlığın detalları üzərində iş aparılır.
Ümumilikdə biznes-missiyanın nümayəndələri Azərbaycanda Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Ruslan Mirsayapov və Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin rəhbəri Nuri Quliyev də daxil olmaqla, 30 görüş keçiriblər.