Rusiya şirkətinin Azərbaycandakı törəməsi “Şəki Şərab”ı özəlləşdirib

Rusiya şirkətinin Azərbaycandakı törəməsi “Şəki Şərab”ı özəlləşdirib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Şəki Şərab” MMC-nin dövlətə aid payının satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
Biznes
28 Dekabr , 2021 15:25
Rusiya şirkətinin Azərbaycandakı törəməsi “Şəki Şərab”ı özəlləşdirib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Şəki Şərab” MMC-nin dövlətə aid payının satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

"Report" nazirliyə istinadən xəbər verir ki, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəmə müəssisəsi - “AzAbrau” MMC müsabiqənin qalibi elan olunub.

ƏMDX və şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1,92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəyəcək.

Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.

“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

"Abrau-Durso" PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.

Müəssisəni şərabçılıq sahəsində tanınmış “Abrau-Durso” PSC-nin özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

"Abrau-Durso" PSC-nin prezidenti Pavel Titov: "Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük", - deyə qeyd edib.

Böyük şərabçılıq və biznes təcrübəsinə malik “Abrau-Durso” şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan şirkət Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir, ölkədə 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 milyon butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6 500 hektardan çox torpaq sahəsi və "Abrau-Durso" brend mağazaları var.

Son xəbərlər

Orphus sistemi