"Son 3-4 il ərzində Azərbaycanda 400 min əmək müqaviləsi bağlanıb. Bu, 30 %-lik artım deməkdir. Ölkədə əmək haqqının minimum məbləği 2,3 dəfə, orta əmək haqqı isə 40 %-dən çox artıb. Əmək haqqı fondu 2 dəfədən çox artıb, özəl sektorda əmək haqqı fondu isə 2,2 dəfə artıb".
"Report" xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, bütün bu islahatlar cəmi 3 illik fəaliyyətin nəticəsidir: "Bu islahatlar təkcə dövlət tərəfindən aparılmır. Dövlət addımı atır, nəticəsi sahibkarlar və işəgötürənlərdən gəlir. Bu gün alıcılıq qabiliyyəti paritetinə görə və nominal ifadədə Azərbaycanda minimum əmək haqqı məbləği artıq MDB məkanında ikinci yerdədir. Azərbaycanda çox ciddi əmək münasibətləri bazası formalaşıb”.
Sahil Babayev hesab edir ki, Azərbaycanda sahibkarlıq çox sürətlə inkişaf edir: "Bildiyiniz kimi, ölkəmiz müstəqilliyinə qovuşanda sahibkarlıqda özəl sektorun payı sıfıra bərabər idi. Hazırda isə bu pay iqtisadiyyatın əhəmiyyətli, demək olar mütləq hissəsinə çevrilib. Əminəm ki, bu istiqamətdə inkişaf davam edəcək”.