Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Bakıya səfəri çərçivəsində Azərbaycan-Tatarıstan biznes forumunda iştirak edib.
“Report” Tatarıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüşdə hər iki tərəfin iri sənaye müəssisələrinin, eləcə də biznes qurumlarının nümayəndələri iştirak ediblər.
“Respublikalarımız arasında Tatarıstanın neft texnikası və maşınqayırma sənayesi məhsullarının tədarükü, investisiya və innovasiya-istehsal, yüksək texnologiyalar, gəmiqayırma və avtomobil sənayesi, səhiyyə, tibb və əczaçılıq məhsullarının istehsalı, ticarət-sənaye palataları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur”, - Rüstəm Minnixanov forum iştirakçılarına müraciətində bildirib.
O, həmçinin əməkdaşlığın möhkəmləndirilməsində şəxsi iştirakına görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tatarıstanın iqtisadi tərəfdaşlarımız arasında lider mövqelərdən birini tutduğunu vurğulayıb: "Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır və bütün fəaliyyət sahələrini əhatə edir. Regionlararası əlaqələr bizim üçün prioritetdir. Tatarıstan 10 əsas ticarət tərəfdaşımızdan biridir. Bu ilin sonunadək ticarət dövriyyəmizin dəfələrlə artacağını gözləyirik”.
Forumun sonunda bir sıra sazişlər imzalanıb. İlk sənəd Tatarıstan Respublikasının Ticarət və Sənaye Palatası ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanıb. Bundan başqa, Tatarıstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycan Ticarət və Sənaye Palatası arasında da saziş imzalanıb.