Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi ilə Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Bildirilir ki, görüşdə DGK-nın sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp, Birləşmiş Krallığın Azərbaycandakı biznes qrupunun rəhbəri Con Patterson və bu ölkədən olan iş adamları iştirak edib.
Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp görüşün keçirilməsindən məmnunluğunu bildirib, iki ölkə arasındakı əməkdaşlıqdan, gömrük orqanları arasındakı qarşılıqlı münasibətlərdən, sərhədlərdə təhlükəsizliyin təmin olunması istiqamətində reallaşdırılan təcrübə mübadiləsindən danışıb.
Səfir Dövlət Gömrük Komitəsinin Azərbaycan iqtisadiyyatının inkişafında, vətəndaşların rifahının yaxşılaşdırılmasında, narkotiklərə qarşı mübarizədə, onların Avropaya daşınmasının qarşısının alınmasında xüsusi rol oynadığını bildirib. Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamları ilə gömrük məsələlərinə dair müzakirələrin aparılmasını yüksək qiymətləndirən diplomat görüşü qarşılıqlı əməkdaşlıq münasibətlərinin yeni müstəvisi kimi qiymətləndirib.
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalarda Birləşmiş Krallıq şirkətlərinin mühüm paya sahib olduğunu, əsasən neft-qaz sənayesi sahəsinə kapital qoyulduğunu vurğulayan səfir Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımları çərçivəsində təmsil etdiyi ölkənin şirkətlərinin qeyri-neft sektoruna da yatırım etdiyini diqqətə çatdırıb.
Azərbaycan hökumətinin həyata keçirdiyi təşviq siyasətinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərində də Birləşmiş Krallığı təmsil edən şirkətlərin fəaliyyətə başladığını bildirən Ceyms Layl Şarp qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunacağına ümidvar olduğunu bildirib.
Son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan islahatların biznesin dəstəklənməsində, şəffaflığın təmin olunmasında, korrupsiyanın aradan qaldırılmasında mühüm rol oynadığını, tətbiq edilən yeniliklərin Azərbaycanın reytinqini yüksəltdiyini diqqətə çatdıran səfir bu məlumatların Avropa İttifaqının, Birləşmiş Krallığın, eyni zamanda bir sıra beynəlxalq qurumların apardığı araşdırmalarda da əksini tapdığını vurğulayıb.
Sonda Ceyms Layl Şarp görüşün təmsil etdiyi ölkənin iş adamları ilə gömrük orqanları arasında səmərəli, işgüzar münasibətlərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı səmərəli və işgüzar əməkdaşlıqdan danışıb, Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamlarının da bu münasibətlərin güclənməsinə və dərinləşməsinə mühüm töhfələr verdiyini bildirib.
Prezident İlham Əliyev tərəfindən son illər ərzində bütün sahələrdə olduğu kimi gömrük sistemində də aparılan mütərəqqi islahatlardan bəhs edən Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük orqanlarının kadr potensialının gücləndirildiyini, daha müasir və çevik strukturun formalaşdırıldığını, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
O da qeyd olunub ki, hazırda "nəzarətdən xidmətə" prinsipi əsasında fəaliyyət göstərən gömrük orqanları ən müasir yanaşma və metodlardan istifadə edir və gömrük işinin təşkili prosesində çatışmazlıqların aradan qaldırılması məqsədilə hər zaman biznes nümayəndələrinin, o cümlədən britaniyalı iş adamlarının təklif və rəylərini dinləməyə, dəyərləndirməyə hazırdır.
Səfər Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklərin nəticəsidir ki, son 3 ildə narkotiklərlə mübarizə çərçivəsində Avropaya daşınmasına cəhd göstərilən 6 tona qədər narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Gömrük orqanlarının şəffaflığın təmin olunması, korrupsiya və "kölgə iqtisadiyyatı"na qarşı mübarizə tədbirlərindən də bəhs edən Komitə sədri görülən işlərin nəticəsi olaraq dövlət büdcəsinə ödənəcək vergi və rüsumların 2 milyard manatdan 4 milyarda çatdırıldığını bildirib.
Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində aparılan təkmilləşdirmələr, gömrük əməliyyatlarının tamamilə elektronlaşdırılması, risk əsaslı gömrük nəzarəti tədbirlərinin, "Yaşıl dəhliz" və digər innovativ yeniliklərin tətbiqi hesabına fiziki yoxlamaların 80 faiz azaldıldığını bildirən Səfər Mehdiyev gömrük orqanlarının beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi üçün ən qabaqcıl təcrübələrdən faydalandığını diqqətə çatdırıb.
Komitə sədri ümidvar olduğunu bildirib ki, bu görüş çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət üçün yeni imkanlar yaranacaq və əməkdaşlıq daha da güclənəcək.
Daha sonra görüşdə britaniyalı iş adamları tərəfindən müəyyənləşdirilən konkret məsələlər ətrafında müzakirələr aparılıb, biznes nümayəndələrinin sualları cavablandırılıb.