Avropa Parlamenti Şengen bölgəsində köçkün böhranı, daha sonra pandemiya səbəbindən dayandırılmış sərbəst səyahət qaydasını bərpa etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə qurumun mətbuata açıqlamasında bildirilir.
Parlamentin hazırda keçirilən sessiyasında səs çoxluğu ilə qəbul edilən qətnamədə qeyd olunur: “Müvəqqəti daxili sərhəd nəzarəti qaydası 2015-ci ildən qüvvədədir, habelə pandemiya da Şengen sisteminə təhlükə törədir. Avropa millət vəkillərinin fikrincə, daxili sərhəd nəzarətilə bağlı yoxlamalar artıq zərurət meyarlarına uyğun gəlmir, deməli, qanunsuzdur”.
Bununla yanaşı, Avropa Parlamenti Bolqarıstan və Rumıniyanın Şengen zonasına inteqrasiyasını tələb edir, hər iki ölkənin tələbləri yerinə yetirdiyini qeyd edir.