Bu gün ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçirilib.
“Report” ASC-yə istinadən xəbər verir ki, hərracda “LADA NİVA” və “HYNDAI ACCENT” markalı iki nəqliyyat vasitəsi satışa çıxarılıb.
Məlumata görə, “LADA NİVA” markalı nəqliyyat vasitəsini almaq üçün iddialı iki şəxslər Nəzərov Emin Rzaqulu oğlu və Hüseynov Elçin Yavuz oğlu iştirak ediblər. 5130 manat ilkin satış qiyməti ilə başlanmış hərrac 5 630 manat satış məbləği ilə tamamlanmışdır. 500 manatlıq qiymət artışı ilə Hüseynov Elçin Yavuz oğlu hərracın qalibi olub. Nəzərinizə çatdırırıq ki, təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.
“HYNDAI ACCENT” markalı nəqliyyat vasitəsinin hərracında isə üç iddiaçı, Nəzərov Emin Rzaqulu oğlu, Hüseynov Elçin Yavuz oğlu və Həsənli Qulam Hikmət oğlu iştirak ediblər. 5 dəfə 500 manatlıq hərrac addım ilə qiymət artırılmış və nəticədə ilkin satış qiyməti 9 900 manat olan nəqliyyat vasitəsi 12 400 manat qiymətə satılıb. Hərracın qalibi Hüseynov Elçin Yavuz oğlu olmuşdur. Nəzərinizə çatdırırıq ki, əsaslı təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.