İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin kollektivi Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş həmkarları Asəf Nəsibovun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.
İqtisadiyyat nazirliyindən "Report"a verilən məlumata görə, şirkətin kollektivi şəhid ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb, Novruz Bayramı münasibətilə bayram sovqatı təqdim edib.
Cəbhəyə getmək üçün könüllü müraciət edən A.Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkə prezidenti onu döyüşdə göstərdiyi igidlik və şücaətə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edib.