Sumqayıtda Azərbaycan-Latviya biznes forumu keçirilib

Sumqayıtda Azərbaycan-Latviya biznes forumu keçirilib Forumun sonunda ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb
Biznes
27 Noyabr , 2024 11:00
Sumqayıtda Azərbaycan-Latviya biznes forumu keçirilib

Bu gün Sumqayıt şəhərində Azərbaycan-Latviya biznes forumu keçirilib.

“Report” un yerli bürosu məlumat verir ki, tədbirdə Latviyanın Azәrbaycandakı sәfiri Edgars Skuja, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Yeni Azərbaycan Partiyasının, Azәrbaycan Sahibkarlar Konfederasiyasının rəsmiləri və sahibkarlar iştirak edib.

Əvvəlcə Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunan filmə, daha sonra Azərbaycan və Latviya şirkətlətinin təqdimatına baxılıb.

T. Sәmәdov tədbirin Zəfər ayına təsadüf etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaətdən danışılıb.

Diqqətə çatdırılıb ki, iki ölkə arasında əməkdaşlıq inkişaf edir. Münasibətlərin işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi hesabına daha da gücləndirilməsinin vacibliyi ifadə edilib.

E. Skuja Sumqayıtın 75 illik yubileyi münasibətilə sumqayıtlıları, Zəfər ayı münasibəti Azərbaycan xalqını təbrik edib.

Səfir qeyd edib ki, Latviya və Azərbaycanın dərin əlaqələri var. O, ilk dəfə yay fəslində Sumqayıta gəldiyini, bulvarın onu heyran etdiyini qeyd edib. E. Skuja forumda Latviyadan gələn biznes heyətinə rəhbərlik etdiyini və sonda uğurlu nəticələr əldə olunacağını diqqətə çatdırıb.

Səfir iki ölkə arasında münasibətlərin möhkəm siyasətə bağlı olduğunu söyləyib və yaxın gələcəkdə prezident İlham Əliyevin Latviyaya səfərini gözlədiklərini bildirib. O, Sumqayıtın biznes sahəsini əhatə edən sahibkarların foruma gəldiyindən məmnunluğunu diqqətə çatdırıb.

Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır deyə Azәrbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib.

Konfederasiyanın Sumqayıt şәhәr nümayәndәsi Şahin Mәmmәdov biznes forumun gələcəkdə uğurlu nəticələr verəcəyinə əmin olduğunu deyib. Ş. Məmmədov əlavə edib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyinin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün perspektivlər genişdir.

Forumun sonunda ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi