Azərbaycanın əsas məqsədi İtaliya ilə ticarət əlaqələrinin genişləndirilməsidir.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Azərbaycan və İtaliya daha yaxşı qida istehsalı naminə" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında ticarət dövriyyənin əsasını neft və qaz sektoru təşkil edir: "İtaliya Azərbaycan üçün ticarət əlaqələri baxımından başlıca ölkələrdəndir".
T. Hacılı qeyd edib ki, AZPROMO-nun əsas hədəfi ölkənin qeyri-neft sektorunun inkişaf etdirməkdir və bu həftə bu sahədə keçirilən tədbirlərlə çox zəngindir: "Mayın 15-17-də Bakı Ekspo Mərkəzində sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri keçiriləcək".
O əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinin və dəyər zəncirinin inkişafı önəmlidir: "Azərbaycanın azad edilmiş ərazilərində aqrar sahə üçün imkanlar var və bunun üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir".
T. Hacılı xatırladıb ki, ötən həftə İtaliyanın Rimini şəhərində “Macfrut 2024” beynəlxalq sərgi işə başlayıb. Azərbaycan sözügedən tədbirdə ilk dəfədir iştirak edib. İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını təqdim edib. Belə ki, stenddə ölkədə istehsal olunan müxtəlif meyvə-tərəvəzlər, ədviyyatlar, giləmeyvələr, qurudulmuş meyvələr, bitki yağları və digər məhsullar nümayiş olunub.