Türkiyədəki zəlzələdən sonra Azərbaycanda həyət evlərinə tələbat artacaqmı?

Türkiyədəki zəlzələdən sonra Azərbaycanda həyət evlərinə tələbat artacaqmı? Qonşu ölkələrdə baş verən hadisələr Azərbaycanda iqtisadi sektorlara, xüsusən daşınmaz əmlak bazarına da təsir göstərir. Bu baxımdan Türkiyədəki zəlzələ nəticəsində binaların dağılması ölkəmizin daşınmaz əmlak bazarında yeni gözləntilər meydana gətirib. B
Biznes
14 Fevral , 2023 17:21
Türkiyədəki zəlzələdən sonra Azərbaycanda həyət evlərinə tələbat artacaqmı?

Qonşu ölkələrdə baş verən hadisələr Azərbaycanda iqtisadi sektorlara, xüsusən daşınmaz əmlak bazarına da təsir göstərir. Bu baxımdan Türkiyədəki zəlzələ nəticəsində binaların dağılması ölkəmizin daşınmaz əmlak bazarında yeni gözləntilər meydana gətirib. Bundan sonra bazarda mənzillərə tələbatın azalacağı, fərdi yaşayış evlərinin qiymətinin və tələb statistikasının artacağı düşünülür.

Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Report”a açıqlamasında deyib ki, Türkiyədəki məlum hadisələr Azərbaycanın daşınmaz əmlak bazarında ciddi və uzunmüddətli dəyişikliklər yaratmayacaq:

“Qardaş ölkədəki məlum hadisələrdən sonra Azərbaycanda fərdi yaşayış evlərinə müəyyən maraq yaranıb. Pandemiya dövründə də belə bir maraq yaranmışdı. İnsanlar o vaxt belə düşünürdü ki, gigiyena və sanitariya baxımından çoxmərtəbəli binalarda yaşamaq təhlükəlidir və fərdi yaşayış evlərində yaşamaq insanların virusa yoluxmalarının qarşısını ala bilər. Bu baxımdan həmin dövrdə də fərdi yaşayış evlərinə müəyyən qədər maraq yüksəldi və bazarda müəyyən qədər fərdi evlərin alqı-satqısı artdı. Amma ümumilikdə bu artım faizi çox da böyük olmadı.

İndi də bu artım bir o qədər böyük olmayacaq. Çünki bizdə fərdi yaşayış evləri ilə mənzillərin qiymət fərqi olduqca böyükdür".

V. Oruc qeyd edib ki, fərdi yaşayış evlərinin alqı-satqı proseslərində payı 10-15 %-dirsə, mənzillərin 70-80 % civarındadır: "Yenə də insanlar daha çox komfort yaşayış tipini əsas götürür və mənzillərə üstünlük verir. Çünki fərdi yaşayış evlərinn istilik problemi, soyuqda suyun donması problemi olur. Bu problemlər fərdi qaydada həmin evlərdə yaşayan insanlar tərəfindən həll olunmalıdır. Bu isə hər kəs üçün əlverişli deyil. Amma çoxmərtəbəli binalarda sözügedən məsələlərin təminatı ümumi şəkildə həll olunur və hər hansı bir sakindən asılı deyil.

Digər tərəfdən fərdi yaşayış evləri daha çox mərkəzdən kənar yerlərdə, Bakının qəsəbələrində, Abşeron yaraımadasında mövcuddur və bu da mərkəzə yaxın ərazilərdə işləyən insanlara çətinlik yaradır. Bu baxımdan Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycanda psixoloji faktorlara görə, fərdi yaşayış evlərinin aktuallığı artsa da, faktiki olaraq fərdi yaşayış evlərinin alqı-satqısında o qədər də ciddi nəticəni görə bilməyəcəyik".

AQC-nin sədri hesab edir ki, bazarda mənzillərin payı daha çoxdur: "Artıq İpoteka və Kredit Zəmanət Fondunun banklara vətəndaşların ipoteka kreditlərinin alınması üçün növbəti limitləri ayırıb. Hazırda yüzlərlə vətəndaş bu hüquqdan istifadə edib. Bu baxımdan hesab edirəm ki, Türkiyədəki proseslər bizim vətəndaşların seçiminə təsir göstərməyəcək və yenə də mənzillərin alqı-satqısı aktuallığını qoruyub saxlayacaq”.

O, bildirib ki, Türkiyədəki hadisələrdən sonra Azərbaycanda vətəndaşlar seçim edəndə MTK-nın tarixinə, tikinti nümunələrinə, fəaliyyətinə dair çox ciddi araşdırma edəcəklər:

“Problemli MTK-ları, tikinti keyfiyyətinin lazımı qədər olmadığı binaları seçməyəcəklər. Daha çox prestijli, keyfiyyətli tikinti işləri aparan, daha çox təhlükəsizliyin təmin olunduğu, sıx ərazilərdə yerləşməyən, giriş-çıxışın asan olduğu, hansısa fors-major hal baş verərsə, evakuasiyanın mümkünlüyü daha rahat olan binaları seçəcəklər.

Türkiyədəki hadisələr Azərbaycanda daşınmaz əmlakı bazarı ilə yanaşı müvafiq dövlət qurumlarının da fəaliyyətinə təsir göstərəcək. Onlar öz işlərinə daha ciddi yanaşacaq. Binanı rəsmiləşdirilməsi, təhvil vermə sənədin alınması bir az mürəkkəbləşdirilməlidir. Türkiyə təcrübəsindən bunu öyrənməliyik. Həm layihələndirmə, həm tikintinin gedişatı dövründə, həm də tikintinin təhvil verilmə mərhələsində müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Hətta mən təklif edirəm ki, Fövqaladə Hallar Nazirliyi müvafiq icra strukturları ilə birlikdə son dövrlərdə tikilmiş və hazırda tikilməkdə olan binaların yenidən təftişinə start versinlər. Bu təftiş əlavə problemlərin yaranmasına deyil, gerçək vəziyyətin üzə çıxarılmasına xidmət göstəməlidir”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyədə böyük dağıntı və minlərlə itkilərə səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi