Varlılar üçün ən sərfəli regionlar Şimali və Cənubi Amerika, ən bahalı region isə Asiya – Pasifikdir.
“Report” xəbər verir ki, belə bir qənaət Sürixdə yerləşən “Julius Baer” beynəlxalq sərvət idarəçiliyi məsləhət şirkətinin hazırladığı “Dünya Sərvət və Həyat Tərzi Hesabatı 2021”də (GWLR - Global Wealth and Lifestyle Report 2021) yer alır.
Hesabatda HNWI (High Net Worth Individual – yüksək xalis dəyərə malik fərd) istehlak səbətinə aid edilən malları və xidmətlərin qiymətlərinə görə dünyanın 25 mühüm şəhəri təhlil edilir. NHWI 1 milyon dollar və daha böyük maliyyə aktivlərinin sahibi olan şəxsləri və onların maliyyə çəkisini ifadə edən anlayışdır.
2011-ci ildə açıqlanmış birincidən sonra sayca ikinci olan GWLR-2021-nin səciyyəvi cəhəti COVID-19 nəticəsində “şüurlu istehlak”ın üstünlük qazanması, istehlakçıların daha etik və davamlı alış-verişə yönələrək öhdəliklərinə daha ciddi yanaşmalarıdır.
“Julius Baer”in departament rəhbəri Rəceş Mənvani bildirib ki, bütövlükdə dünyada HNWI istehlak səbətinin orta qiyməti 1,05 faiz artıb. Şirkətin direktorlar şurasının üzvü Nikolas Skovronsinin dediyinə görə, hazırkı dövrdə varlıların daha çox dünyaya fayda verə biləcək, gələcək nəsillər naminə işlər görməyə, uzunmüddətli yatırımlara, xeyriyyəçiliyə yönəldikləri nəzərə çarpır.
Dünya səhiyyə böhranını daha sürətlə dəf edən, valyuta sabitliyi və qiymətlərin dayanıqlı olması ilə səciyyələnən Asiya regionunda indeksin ən bahalı şəhəri Şanxaydır, sonrakı yerlərdə Tokio, Honkonq gəlir.
Şimali və Cənubi Amerikada ABŞ və Kanada dollarının başqa mühüm valyutalara qarşı ucuzlaşması, Latın Amerikasında həyata keçirilən devalvasiya tədbirləri bu regionu HNWI yaşayışı baxımdan əlverişli hala gətirir. Burada ən ucuz yaşayış Meksika Siti və Vankuverdədir. Qərb yarımkürəsində təkcə Nyu York, Afrika regionunda isə yalnız Yohannesburq bahalı şəhərlər arasında yer alıb.
Bahalı mal və xidmətlərə gəlincə, ən çox ucuzlaşan qadın ayaqqabıları (11,7 faiz) və hotel nömrələri (9,3 faiz), ən çox bahalaşan isə biznes sinif təyyarə uçuşları (11,4 faiz) və viskidir (9,9 faiz).