“2022-ci ilin birinci rübündə dövlətin qarşısıdakı ən prioritet məsələlərdən biri qiymət artımlarına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsi oldu”.
Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı deyib.
Millət vəkili qeyd edib ki, dünya və region bazarındakı qiymət artımları idxal inflyasiyasını aktivləşdirir:
“Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsinin birinci rüb üçün ikirəqəmli olması qeyd olunur. Xüsusən istehak bazarında aparılan monitorinqlər göstərir ki, Azərbaycanda süni şəkildə qiymətlərin artırılması tendensiyası bu ilin birinci rübündə də özünü göstərib. Bu konteksdən süni qiymət artımlarına qarşı mübarizə daha da vacibləşir. Süni qiymət artımlarına qaşrı mübarizə, antiinflyasiya tədbirlərinin əsas elementlərindən biridir.
V.Bayramlı hökumətin gördüyü antiinflyasiya tədbirlərini sadalayıb:
“Dövlət tərəfindən sahbkarlığın təşviqi ilə bağlı yeni mexanizmlər tətbiq edilməyə başlanıldı. Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan istehsal və emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda həmin məhsulların emalı ilə bağlı verilən kreditlərə subsidiyanın verilməsi ilə bağlı qərar qəbul etdi. Bu da xərcin azaldılması baxımından vacibdir".
Millət vəkili ölkədə sahibkarlığa dövlət dəstəyinin artırıldığını qeyd edib:
“Məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdan ibarətdir. Sahibkarlar tərəfindən də sosial korporativ məsuliyyətin nümayiş etdirilməsi və süni qiymət artımlarına gedilməməsi çox vacibdir. Bu istiqamətdə monitorinqlərin gücləndirilməsinə də ehtiyac var ki, bir sıra sahibkarlar süni şəkildə qiymətlərin artırılmasını həyata keçirməsin”.