Son 19 ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 3,4 dəfə artıb.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.
"2003-cü ilə nisbətən 2021-ci ildə qeyri-neft-qaz sektoru üzrə Ümumi Daxili Məhsul istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə artıb. Bu illər ərzində iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli artım baş verib: Kənd təsərrüfatı məhsulu 2 dəfə, yük daşınması 1,8 dəfə, sərnişin daşınması 1,3 dəfə və informasiya və rabitə xidmətlərinin həcmi 15,4 dəfə artıb", - o deyib.
V.Qasımlının sözlərinə görə, iqtisadiyyatın artımında sərmayə qoyuluşu əhəmiyyətli rol oynayıb: “2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,1 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu ilin göstəricilərini də nəzərə alanda Azərbaycanca son 19 ildə 300 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Xarici investisiyalar 2,2 dəfə artıb. 2004 - 2021-ci illərdə Azərbaycana 142,0 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulub. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib".
İqtisadçının sözlərinə görə, iqtisadi imkanlar artdıqca 2003-2021-ci illərdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri isə 22,2 dəfə artıb: “Bu da imkan verib ki, əhalinin sosial rifah halı yaxşılaşsın. 2003-2021-ci illərdə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi real ifadədə 5,1 dəfə artıb. Əhalinin nominal gəlirləri 10,0 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. 2021-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı 2003-cü ilin yanvar-dekabr aylarına nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə artıb. 2003-2021-ci illərdə əhalinin sayı 1807,3 min nəfər və ya 21,7 faiz artıb".
V.Qasımlı qeyd edib ki, 2003-2021-ci illərdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-ə və yaxud 51,6 % artıb: “Xarici ticarət dövriyyəsi 6,5 dəfə, o cümlədən, idxal 4,5 dəfə, ixrac 8,6 dəfə artıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 7,3 dəfə çoxalıb”.