“Yüksəliş” müsabiqəsi təlimlərə start verib

“Yüksəliş” müsabiqəsi təlimlərə start verib Bu gün "Yüksəliş" müsabiqəsinin İşçi qrupu peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb.
Biznes
29 İyun , 2023 10:41
“Yüksəliş” müsabiqəsi təlimlərə start verib

Bu gün "Yüksəliş" müsabiqəsinin İşçi qrupu peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb.

"Report" xəbər verir ki, təlimlər xarici ekspertlər tərəfindən müsabiqənin yarımfinal və final mərhələlərində iştirakçıların səriştələrini qiymətləndirəcək yerli ekspertlər üçün nəzərdə tutulub.

Üç gün ərzində davam edəcək olan təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunur.

Belə ki, təlim iştirakçıları oxşar imtahan vəziyyətini simulyasiya edir və onların səriştələri ekspertlər tərəfindən qiymətləndirilir.

Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə konfransı və ekspertlərin rolu ilə bağlı məlumat verilir.

Qeyd edək ki, yarımfinal və final mərhələsinin qiymətləndirici şəxsləri olan ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və ölkənin qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir.

Yarımfinalda iştirakçıların 8 səriştəsi (strateji düşüncə bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini ehtiva edir.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi 30 iyun, 1-2 iyul tarixlərində "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 343 nəfər yarımfinalda iştirak hüququ qazanıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Son xəbərlər

Orphus sistemi