“Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
“Report” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, bu müzakirələr ADY-nin sədri Rövşən Rüstəmov və UIC sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud və Korporasiyanın Belçikadakı nümayəndəliyinin direktoru Tomaş Laxoviçlə keçirdiyi görüşdə aparılıb.
Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim böhranı ilə bağlı qlobal çağırışların əhəmiyyətinə və birgə fəaliyyətin səmərəliliyinə diqqət çəkilib.
Görüş zamanı tərəflər ADY ilə UIC və PKP arasında əməkdaşlığın əsas istiqamətləri, 1995-ci ildən UIC-nin üzvü olan ADY-nin təşkilatın fəaliyyətindəki rolu və beynəlxalq layihələrdəki iştirakı müzakirə olunub. Azərbaycanla Avropa İttifaqı arasında potensial dəmiryol əlaqəsinin təkmilləşdirilməsi, eləcə də tranzit vaxtının optimallaşdırılması barədə məqamlara toxunulub, beynəlxalq yük daşımalarındakı yeniliklər, rəqəmsallaşma və dayanıqlılıqla bağlı ən yaxşı təcrübələrdən söz açılıb.
R. Rüstəmov son illərdə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması istiqamətində aktiv fəaliyyət göstərdiyini, Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun bu ilin mayından tam gücü ilə işlədiyini və bununla da dəmiryol xəttinin buraxılış gücünün illik 5 milyon tonadək artdığını qeyd edib.
Rəqəmsal transformasiya və dayanıqlı ətraf mühit istiqamətində görüləcək işlərdə birgə fəaliyyətin zəruriliyinə diqqət çəkən R. Rüstəmov hər iki istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını bildirib.
A. Berud dəmiryol sahəsində regional və qlobal əməkdaşlığın dayanıqlı gələcəyə töhfə verəcəyinə əmin olduğunu deyib.
ADY ilə Polşa Dəmir Yolları Korporasiyası arasında beynəlxalq yük daşımalarında restrukturizasiya imkanlarının olduğunu qeyd edən PKP-nin nümayəndəsi Tomaş Laxoviç ümumi multimodal yükdaşıma mərkəzi və vaqon parkının xidmət keyfiyyətini yaxşılaşdıracağına inandığını deyib.