Ətraf mühiti qoruyub saxlamağa yardımçı olan bəzi yerli mədəniyyətlər məhv edilib.
"Report" xəbər verir ki, bunu COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə keçirilən etiraz aksiyasının iştirakçısı, Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri Uzodinma Adirieje jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dünyada mövcud olan təqribən 8 milyard insanın əhəmiyyətli hissəsini yerli xalqların nümayəndələri təşkil edir:
"Afrikadan Amerikaya, Asiyaya, Avropadan Sakit okeana, Karib dənizindən Avstraliyaya qədər bütün ərazilərdəki yerli xalqlar dünyadakı 8 milyard əhalinin bir hissəsidir. Biz Nigeriyanın yerli əhalisinin rifahı üçün tərəfdaş olaraq buradayıq".
Assosiasiya rəhbərinin sözlərinə görə, Nigeriyadakı bəzi yerli xalqların fərdlərinin hüquq və imtiyazları hər gün tapdalanır:
“Onlardan bəziləri öz təbii mühitlərindən uzaqlaşdırılaraq əlverişli, əlçatan və dayanıqlı alternativlərlə təmin olunmayıblar. Bu səbəbdən, yerli insanlara qayğı göstərilməlidir.
Biz Birləşmiş Millətlər Təşkilatının yerli əhali ilə bağlı rəsmi siyasətinin hər bir ölkə üçün təbiətə çox yaxın mövcud olan, təbii mühitimizin saxlanmasında ilk növbədə məsul olan, təbii mühitin qorunmasına cavabdeh olan yerli insanların rifahı üçün uyğunlaşması, qəbul edilməsi və həyata keçirilməsi üçün məcburi olmasını tələb edirik.
Bu insanlar ətraf mühitə, mədəniyyətlərinə, sivilizasiyalarına və rifahlarına görə sıxışdırılırlar. Əsrlər boyu insanlara ətraf mühiti qoruyub saxlamağa yardımçı olan bəzi yerli mədəniyyətlər məhv edilib. Dünya yerli insanlara diqqət yetirməyincə, iqlimə nəzarətə nail olmaq üçün göstərdiyimiz səylər nəticə verməyəcək”.