Azərbaycan iyunun 12-də Almaniyanın Bonn şəhərində İqlim Konfransı çərçivəsində COP29-a Sədrliyin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslərinin təqdimatını keçirib.
"Report"un Avropa bürosu xəbər verir ki, açılış nitqi ilə çıxış edən Baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev son həftə keçirilən COP29 Sədrliyinin strategiyası üzrə qeyri-rəsmi məsləhətləşmələrdə iştiraklarına görə nümayəndələrə təşəkkür edib.
O, COP29 Sədrlik təşəbbüslərinin məqsədinin iqlimlə bağlı fəaliyyətləri inkişaf etdirmək və vətəndaş fəallığını təşviq etmək olduğunu bildirib.
Y.Rəfiyev qeyd edib ki, COP29-un Sədrlik təşəbbüsləri rəsmi danışıqlardan kənarda "yaşıl dünya" üçün əsl həmrəyliyi gücləndirir.
“Builki sədrlik təşəbbüsləri əvvəllər başlamış təşəbbüslərin dəyərli mirasına əsaslanır. Sədrlik ümumi məqsədlərimiz naminə bütün səyləri səfərbər etmək üçün təşəbbüslər və maraqlı tərəflər arasında uyğunluq və sinerji yaratmağı hədəfləyir”, - o deyib.
Daha sonra əsas prioritet sahələr üzrə seçilmiş sədrlik təşəbbüsləri təqdim edilib. Təşəbbüslər arasında gender bərabərliyi, enerji, kənd təsərrüfatı içməli su, turizm, müxtəliflik, təhsil və digər məsələlər yer alıb. Azərbaycanın COP29 üçün irəli sürdüyü fəaliyyət planı maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçıların, habelə jurnalistlərin sualları cavablandırılıb.