Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) iqlim dəyişikliklərinin aşkarlanması və ya hər hansı fövqəladə vəziyyətdə kömək üçün istənilən kiçik ada dövlətinin geoməkanını təhlil etməyə hazırdır.
“Report" xəbər verir ki, bunu "Azərkosmos"un nümayəndəsi Murad Camalov COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 çərçivəsində keçirilən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Qafqazda, xüsusilə Azərbaycanda layihə üzərində işləyərkən buludlarla bağlı heç bir problem olmayıb: “Lakin kiçik ada ölkələrinə yaxınlaşdığımızda bulud örtüyü səbəbindən görüntülərdə problem yaranırdı. Ancaq süni intellekt və "Cloud" hesablama kimi qabaqcıl texnologiyaların köməyi ilə məkan məlumatlarını asanlıqla tapa bildik. Əvvəlcə çox çətin idi, amma məkan məlumatlarını təhlil etmək üçün çox yaxşı alətlərimiz və fantastik komandamız var idi".
O bildirib ki, azı 14 Davamlı İnkişaf Məqsədinə əsasən geoməkan məlumatlarından asılıdır: "Düşünürəm ki, məkan məlumatları, xüsusilə peyk monitorinqi olmadan, çox qısa müddətdə fövqəladə vəziyyətləri təhlil etmək mümkün deyil. Məsələn, altı ay ərzində Papua-Yeni Qvineyanın bütün meşə ərazilərini təhlil etdik. Altı ay bu əraziləri təhlil etmək üçün çox yaxşı müddətdir. İndi "Azərkosmos" və komandamız iqlim dəyişikliklərin aşkarlanması və ya hər hansı fövqəladə vəziyyətdə kömək üçün istənilən kiçik ada dövlətinin geoməkanını təhlil etməyə hazırdır. Biz aclıq, daşqın təhlükələri və ya digər təhlükəli məsələlər kimi DİM-lərlə bağlı problemləri həll etməyi hədəfləyirik".