Baş nazirin müavini: "Azərbaycan Qırğızıstanda Avrasiya bazarı üçün yüksək texnologiyalı məhsullar istehsal edə bilər" - MÜSAHİBƏ

Baş nazirin müavini: "Azərbaycan Qırğızıstanda Avrasiya bazarı üçün yüksək texnologiyalı məhsullar istehsal edə bilər" - MÜSAHİBƏ Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı münasibətlər son illər keyfiyyətcə yüksəliş dövrünü yaşayır. İki türkdilli dövlət arasında ticari-iqtisadi və humanitar qarşılıqlı əlaqələr genişlənir, strateji əməkdaşlıq üçün yeni perspektivlər
COP29
22 Noyabr , 2024 11:39
Baş nazirin müavini: Azərbaycan Qırğızıstanda Avrasiya bazarı üçün yüksək texnologiyalı məhsullar istehsal edə bilər - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı münasibətlər son illər keyfiyyətcə yüksəliş dövrünü yaşayır. İki türkdilli dövlət arasında ticari-iqtisadi və humanitar qarşılıqlı əlaqələr genişlənir, strateji əməkdaşlıq üçün yeni perspektivlər açılır.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov “Report”a eksklüziv müsahibəsində iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi ilə bağlı fikirlərini bölüşüb. O, qarşılıqlı ticarətin həcminin artırılmasından, Azərbaycan sərmayəsinin Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrinə cəlb edilməsi məsələlərindən, eləcə də Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərindən danışıb.

- Qırğızıstanla Azərbaycan arasındakı ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Müstəqilliyimizin ilk 30 ili çətin keçdi. Keçid iqtisadiyyatı şəraitində ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdik. Ona görə də keçmişdə Qırğızıstan Azərbaycanın ciddi ticarət tərəfdaşına çevrilə bilmədi. Amma son üç ildə Prezident Sadır Japarovun rəhbərliyi ilə biz iqtisadiyyatımızı xeyli gücləndirmişik. Dövlət gəlirləri üç dəfə, milli iqtisadiyyat isə iki dəfə artıb.

Bu gün liderlərimiz arasında əməkdaşlığın və intensiv təmasların artdığını görürük. Lakin bu nailiyyətlərə baxmayaraq, mövcud qarşılıqlı fəaliyyət səviyyəsi bizim potensialımızı tam əks etdirmir. Əminik ki, əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar axtarmaq lazımdır.

- Qarşılıqlı ticarətin həcminin artırılması istiqamətində hansı addımlar atılır?

- Son bir-iki il ərzində ölkələrimiz mühüm irəliləyiş əldə edib: nümayəndə heyətləri mübadiləsi aparılıb, birgə sərgilər təşkil olunub, memorandumlar imzalanıb. Azərbaycan Qırğızıstanı maraqlandıran çox sayda mal istehsal edir. Üstəlik, biz Azərbaycandan, xüsusən də kənd təsərrüfatı və sənaye sahəsində çox şey öyrənə bilərik.

- Azərbaycanlı investorlar artıq Qırğızıstanda bir sıra layihələrdə, o cümlədən İssık-Kulda otelin tikintisində iştirak edirlər. Azərbaycanlı investorlar üçün hər hansı üstünlük və ya güzəştlər varmı? Azərbaycan sərmayələri üçün turizmdən başqa Qırğızıstan iqtisadiyyatının hansı sahələrini tövsiyə edərdiniz?

- Əlbəttə. Azad iqtisadi zonalardakı güzəştli rejimdən əlavə, biz hər bir konkret layihə üçün fərdi vergi şərtlərini və birbaşa maliyyə dəstəyinin digər formalarını müzakirə etməyə hazırıq.

Sərmayə qoyuluşu üçün perspektivli sahələrdən danışsaq, hidroenergetikanı xüsusi qeyd edərdim. Bizdə çoxlu çay var və su elektrik stansiyalarının tikintisi üçün bəzi yerlər hələ də boşdur. Həmçinin bərpa olunan enerji mənbələri sahəsinə də diqqət yetirməyə dəyər. Məsələn, günəş elektrik stansiyaları üçün dağlıq bölgələrimiz Yaxın Şərq səhraları kimi ənənəvi günəş bölgələrindən daha yüksək günəş radiasiya intensivliyi təmin edir. Külək stansiyalarının da böyük potensialı var.

Azərbaycanlı sahibkarlara energetika sahəsi ilə yanaşı, kütləvi istehlak mallarının, xüsusən də tekstil məmulatlarının istehsalı üçün ölkəmizə daha yaxından nəzər salmağı tövsiyə edirəm. Qırğızıstanın ixtisaslı işçi qüvvəsi var ki, bu da bu sahəni xüsusilə gəlirli edir. Bundan əlavə, bizim üzvü olduğumuz Avrasiya İqtisadi Birliyinin (AİB) bazarına yönəlmiş yüksək texnologiyalı məhsulların istehsalını təşkil etmək imkanımız var. Bu, AİB ölkələrinin böyük bazarlarına çıxış imkanı yaradır.

Kənd təsərrüfatı, logistika və energetika birgə müəssisələrin yaradılması üçün digər perspektivli sahələrdir. Biz əməkdaşlığa açığıq və istənilən investisiya təklifini müzakirə etməyə hazırıq.

- İqlim dəyişiklikləri Qırğızıstanın turizm sektoruna necə təsir edir?

- İqlim dəyişikliyi, şübhəsiz ki, ekosistemə ciddi təsir edir və çox vaxt onun deqradasiyasına səbəb olur. Lakin bəzi regionlar üçün bu dəyişikliklər yeni imkanlar yaradır və Qırğızıstan da istisna deyil.

Ölkəmizin daha əvvəllər kənd təsərrüfatı üçün yararsız hesab edilən bir çox sahələrində indi əvvəllər mümkün olmayan üzüm, pomidor kimi məhsullar uğurla becərilir. Eynilə, iqlim dəyişikliyi turizmin inkişafına da öz töhfəsini verib.

Əgər əvvəllər Qırğızıstanın turizm sektoru Avropa və Amerikadan gələn qonaqlara yönəlik idisə, bu gün biz Yaxın Şərqdən turist axınının şahidi oluruq. Yay aylarında istinin 55 dərəcəyə çatdığı ölkələrində həddindən artıq yüksək temperaturla üzləşən ərəb ailələri tətil məkanı kimi getdikcə daha çox Qırğızıstanı seçirlər. Onlar böyük ailələri ilə gəlirlər və iqlimi daha mülayim olan dağlıq bölgələrdə kirayə ev tuturlar.

Bu ailələrin bəziləri 3-4 il ölkəyə səfər etdikdən sonra Qırğızıstanda mülk almağa başlayır. Oxşar tendensiyanı zəngin hindistanlılar arasında da müşahidə edirik. Bu tələbatı nəzərə alaraq, ölkədə xüsusi olaraq belə turistlərin və investorların ehtiyaclarına uyğunlaşdırılmış üç yeni şəhər salınır.

Beləliklə, iqlim dəyişikliyi ümumi mənfi təsirinə baxmayaraq, turizmin inkişafı və Qırğızıstana investorların cəlb edilməsi üçün yeni perspektivlər açıb.

- Mərkəzi Asiyada su ehtiyatlarının çatışmazlığı məsələsi kəskin xarakter alıb. Bu problem Qırğızıstan üçün nə dərəcədə aktualdır?

- Su çatışmazlığı və su ehtiyatlarının tükənməsi məsələsi Mərkəzi Asiya üçün həqiqətən aktualdır, lakin Qırğızıstan daha əlverişli vəziyyətdədir. Bizim kifayət qədər su ehtiyatlarımız var və onların həcmi ən azı növbəti yüz il üçün kifayət edəcək.

Bununla belə, qarşımızda bu ehtiyatların səmərəli idarə edilməsi vəzifəsi durur. Qırğızıstan çayların aşağı axınında yerləşən ölkələr qarşısında öz məsuliyyətini dərk edir, çünki bizim sularımız on milyonlarla insanın həyati ehtiyaclarını təmin edir.

Bununla əlaqədar gələn il su ehtiyatlarının idarəetmə sisteminin təkmilləşdirilməsinə 300-400 milyon ABŞ dolları məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır. Bu vəsait irriqasiya sistemlərinin modernləşdirilməsi, gündəlik istifadə olunan hövzələr və kanallar da daxil olmaqla infrastrukturun tikintisi və bərpası üçün istifadə ediləcək. Bundan əlavə, kənd təsərrüfatında sudan ən səmərəli istifadə metodlarından biri kimi damcı suvarma sistemi aktiv şəkildə tətbiq ediləcək.

Beləliklə, su ehtiyatları ilə bağlı vəziyyətin nisbətən qənaətbəxş olmasına baxmayaraq, Qırğızıstan onların səmərəli istifadəsi və bütün regionun davamlı su təchizatının təmin edilməsi üçün böyük səylər göstərir.

- Ölkələrimiz arasında Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri necədir? Hansı təşəbbüsləri prioritet hesab edirsiniz?

- Hazırda Türk Dövlətləri Təşkilatına sədrlik ölkəmizə məxsusdur və biz bu yaxınlarda türk dövlətlərinin Zirvə Toplantısına ev sahibliyi etdik. Sammitdə Azərbaycanın möhtərəm Prezidenti İlham Əliyev də iştirak edib. Liderlərimiz bütün sahələrdə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini qeyd ediblər.

Biz Azərbaycanla birlikdə bu qardaşlıq ittifaqının üzvü olmaqdan qürur duyuruq. Türk Dövlətləri Təşkilatı tədricən “prezident klubu” formatından mühüm regional və qlobal məsələləri həll etməyə qadir olan tamhüquqlu beynəlxalq birliyə çevrilir.

Əminəm ki, bu təşkilatın beynəlxalq siyasətimizin əlaqələndirilməsi baxımından böyük perspektivləri var. Təcrübə göstərir ki, ölkələrimiz beynəlxalq gündəliyin bir çox əsas məsələləri üzrə ümumi baxışa malikdir. Bu təəccüblü deyil, çünki biz bir ailənin üzvləri olaraq baş verən hadisələri çox vaxt eyni cür qiymətləndiririk.

Bu baxımdan ümumi maraqları birgə irəli aparmaq üçün beynəlxalq arenada fəaliyyətimizi daha da dərindən əlaqələndirmək xüsusilə vacibdir. İqtisadi, nəqliyyat və mədəni təşəbbüslərin inkişafı, enerji əməkdaşlığının gücləndirilməsi və yeni birgə layihələrin yaradılması - bütün bunlar Türk İttifaqı çərçivəsində prioritet sahələrə çevrilə bilər.

- COP29-un təşkili səviyyəsini necə qiymətləndirirsiniz?

- Keçən il qardaş Azərbaycanın bu tədbirə ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyərkən müəyyən narahatlığımız var idi: ölkə bu cür böyük miqyaslı tədbiri təşkil edə biləcəkmi? Ancaq gördüklərimiz Azərbaycana təkcə hörmət deyil, həm də qürur hissi doğurur.

Bu tədbir sadəcə iki həftəlik konfrans deyil. İl ərzində genişmiqyaslı hazırlıq işləri aparılıb, yüzlərlə tədbir keçirilib. Mən dünyanın müxtəlif paytaxtlarında keçirilən bu tədbirlərin bəzilərində şəxsən iştirak etmişəm.

Bu baxımdan yüksək təşkilatçılıq səviyyəsinə, danışıqlar aparmaq bacarığına və qlobal gündəmi layiqincə təqdim etdiyinə görə Azərbaycan hökumətinə və rəhbərliyinə heyranlığımı bildirmək istərdim.

Son xəbərlər

Orphus sistemi