Biz COP29-a sədrliyi çərçivəsində Azərbaycan ilə yaxından əməkdaşlıq edəcəyik.
Bu fikirləri "Report"un Avropa bürosuna Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı - İqlim dəyişikliyi və bədbəxt hadisələr riskinin azaldılması bürosunun mütəxəssisi Jennifer Baumvoll bildirib.
O qeyd edib ki, BMT-nin İnkişaf Proqramı olaraq prioritet məsələləri maliyyə və ticarət məsələlərinə dəstək olmaqdır: "Biz COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü sahələr ətrafında üzv ölkələrə necə yardım göstərə biləcəyimiz üzərində yaxından işləyəcəyik və əməkdaşlığa hazırıq".
"Biz Azərbaycanın irəli sürdüyü prioritet məsələləri dəstəkləyirik".
Bunu isə "Report"un Avropa bürosuna Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının Təbii sərvətlər üzrə mütəxəssisi Liva Kaugure bildirib.
"Bizim məqsədimiz qida qıtlığı ilə mübarizədə ölkələrə dəstək olmaqdır. Azərbaycan bu məsələni öz prioriteti elan edib, ölkələri bu mövzuya xüsusi diqqət ayırmağa çağırır, vətəndaş fəallığını təşviq edir. Biz Azərbaycan ilə COP29-a sədrliyi çərçivəsində yaxından əməkdaşlıq etməyə hazırıq", - o vurğulayıb.
Xatırladaq ki, iyunun 12-də Almaniyanın Bonn şəhərində Azərbaycan İqlim Konfransı çərçivəsində COP29 Sədrliyin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslərinin təqdimatını keçirib. Tədbir zamanı Azərbaycan hərtərəfli fəaliyyət planını təqdim edib. Təşəbbüslər arasında gender bərabərliyi, enerji, kənd təsərrüfatı, su, turizm, müxtəliflik, təhsil və digər məsələlər yer alıb. İrəli sürülən mövzular böyük maraqla qarşılanıb.